JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AİLƏSİNİN HƏDƏLƏNMƏSİ İLƏ BAĞLI BƏYANAT VERİB

mart 18th, 2010
Dünən (17 mart) Jurnalistləri  Müdafiə Komitəsi (JMK) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsinin ölümlə hədələnməsi ilə bağlı bəyanat verib. Bəyanatda JMK Azərbaycan hökumətini həbsdə olan jurnalist 2009-cu il Beynəlxalq Mətbuat azadlığı Mükafatı laureatı Eynulla Fətullayevə və onun ailəsinə qarşı ölüm hədəsini dərindən araşdırmaga çağırıb.

”Eynulla Fətullayevin Eynulla Fətullayevin saxta ittihamlarla həbsdə olduğu halda ailəsinin ölümlə hədələnməsi bizi hiddətləndirir. Bu dəhşətli hədələr dərindən araşdırılmalı və günahkarlar ədalətə təslim olunmalıdır” – deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə Proqram Koordinatoru Nina Ognianova bildirib.

“Bu ayın əvvəlində Eynulla Fətullayev 2005-ci il martın 5-də vəfat etmiş Elmar Hüseynovun qətli ilə bağlı həbsxanadan açıqlama vermişdir. “Turan” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Fətullayev açıqlamasında bildirmişdi ki, onda Hüseynovun qətlinin Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli şəxsi tərəfindən təşkil edildiyi haqda məlumatlar var.

Fətlullayev həbsindən əvvəl Huseynovun üstü açılmamış  qətli ilə məşğul idi. JMK belə bir nəticəyə gəldi ki,  Fətullayev Elmar Hüseynovun qətlini araşdırdığına görə həbs edilib.

 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev 17 mart tarixində  MTN-ə çağırılıb.  O, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, həbsdə olan jurnalsist Eynulla Fətullayevin verdiyi açıqlamalarla bağlı sorğu-sual edilib” – deyə JMK-nın bəyanatında bildirilir.

Qeyd edək ki, dünən (17 mart) saat 12.30 radələrində ev telefonuna zəng edən naməlum şəxs E.Fətullayevin atasına “oğlun da, sən də çox danışmayın, yoxsa pis olar, haminizi təhlükə gözləyir, sizi məhv edəcəyik” deyərək, ölümlə təhdid edib. Emin Fətullayev bu barədə polisə müraciət edib.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.