ƏVƏZ ZEYNALLIYA QARŞI CİNAYƏT İŞİ UĞURSUZLUĞA UĞRAYIR

yanvar 26th, 2013

evez(2)

“Xural” qəzetinin  baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi 8 aydır ki, davam edir və 35 iclas keçirilməsinə baxmayaraq, təhqiqatın sonu görünmür. Buna hakimiyyətin özünü itirməsi səbəb olur, çünki ittiham oyuncaq ev kimi dağılır” – bu fikri yanvarın 17-də RATİ-nin Media Mərkəzində bu gün keçirilən mətbuat konfransında Turan agentliyinin direktoru Mehman Əliyev bildirib. Zeynallıya qarşı əsas şahid Gülər Əhmədova artıq özü fırıldaqçılıq haqqında cinayət işində ittiham olunur.
Həbsin sifarişçisi – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə deputat mandatlarının satışı haqqında video qalmaqalın fiqurlarından biridir. Hakimiyyət hökmün çıxarılmasını uzadır, belə ki, Zeynallının təqsirinin heç bir sübutu yoxdur, ittiham hökmü qanunsuz və siyasi əsaslı olacaq.

Media Hüquqları İnstitutunun (MHİ) direktoru, vəkil Rəşid Hacılının fikrincə, Penitensiar Xidmətin təcrübəli əməkdaşları belə prosesin bu qədər uzanmasına təəccüblənir, belə ki, mütəşəkkil cinayətkar qrupların işi üzrə təhqiqatlar bundan çox-çox tez başa çatır. Onun fikrincə, daha bir səbəb beynəlxalq təşkilatların böyük diqqətidir. Hakimiyyət Zeynallının siyasi məhbus kimi qəbul edilməsinin qarşısını almağa çalışır, baxmayaraq ki, AŞPA-nın payız sessiyasında təsdiq edilmiş meyarlara əsasən, baş redaktor onsuz da siyasi məhbusdur.

Prosesdə daha bir kobud pozuntu əsas ittiham şahidi olan Gülər Əhmədovanın məhkəməyə gəlməkdən yayınmasıdır. Məhkəmə xəstəlik bəhanəsi ilə onun iştirakını təmin etmək iqtidarında deyil, baxmayaraq ki, bütün bu müddət ərzində Əhmədova müsahibələr verib, ilk aylar universitetdə dərs deməyə davam edib və s.

Bundan başqa, Əvəz Zeynallı 2006-2007-ci illərdə başqa epizodlarda “rüşvət almaqda” ittiham olunur, lakin heç bir dəlil təqdim edilməyib.

Müdafiə tərəfi hesab edir ki, keçmiş deputat Gülər Əhmədovanın Zeynallının onun şikayəti əsasında həbs edilməməsi və baş redaktora qarşı iddiası olmaması haqqında bəyanatları yeni vəziyyət yaradır və onun əvvəlki ifadələrinə ziddir. Buna görə məhkəmə Gülər Əhmədovanı çağırmaq və həqiqəti ortaya çıxarmaq məcburiyyətindədir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Kütləvi İnformasiya Vasitələrini jurnalisti daha fəal dəstəkləməyə çağırıb.

RATİ direktoru Emin Hüseynov təklif edib ki, Əvəz Zeynallı həbsxanadan məqalələr yazsın, onlar KİV-də dərc edilsin və bu, jurnalistin işinə diqqəti artıracaq.