MEDİA QANUNVERİCİLİYİNƏ DƏYİŞİKLİKLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Bu gün (19 fevral) Azərbaycan Media Mərkəzində “Mətbuat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklərlə bağlı Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə və APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızının iştirakı ilə debat keçirilib.

İqbal Ağazədə çıxışı zamanı bildirdi ki, qəbul olunmuş əlavə və dəyişikliklər jurnalistlərin işini birbaşa əngəlləyəcək. O həmçinin qeyd etdi ki, Milli Məclisdə qanun layihəsi müzakirə edilərkən təklif edilən qadağaların şəxsi həyata dair məlumatların toplanması zamanı tətbiq edilməsi ilə təşəbbüs qaldırıldığını, lakin bunun nəzərə alınmadığını bildirdi: “Hakimiyyət bu dəyişikliklərdən özünə sərf edən hallarda geniş istifadə edəcək”.
Vüsalə Mahirqızı isə bildirdi ki, bu məsələyə ötən ilin mart ayında keçirilmiş referendumda Konstitusiyanın 32-ci maddəsinə eyni məzmunlu əlavə və dəyişikliklər edilən zaman etiraz etmək lazım idi. O həmçinin jurnalistlərə buna görə pessimizmə qapılmamağı məsləhət gördüyünü qeyd etdi: “Hələ bu qanundan öncə də jurnalistlərin məlumat almasında problem yaranırdı və onların həm özü döyülür, həm də avadanlıqları sındırılırdı. Jurnalistlərə problem yaratmaq istəyənlər qanun oldu-olmadı bunu edirlər”.
Tədbirdə ekspert qismində iştirak edən Media Hüququ İnstitutunun rəhbəri  Rəşid Hacılı isə bildirdi ki, bu qanunun tətbiqi Avropa Konvensiyasının 10-cu maddəsinin pozulması olacaqdır.
Qeyd edək ki,  fevralın 12-də Milli Məclisin iclasında “Mətbuat azadlığı haqqında”, , “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara aşağıdakı əlavə və dəyişikliklər qəbul olunub:
“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən olunan məsuliyyətə səbəb olur”.
 
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASI DƏYİRMİ MASA KEÇİRDİ

Next Post

JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.