JURNALİST FİZİKİ TƏZYİQƏ MƏRUZ QALMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRDİ

Bu gün (19 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “SalamNews” agentliyinin müxbiri Zülfüqar Xeyirxəbər fiziki təzyiqə məruz qalması ilə əlaqədar mətbuat konfransı keçirib.

O bildirib ki, fevralın 18-də saat 12 radələrində İqtisad Universiteti ilə üzbəüz  “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşının onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istədiyini qeyd edən Z. Xeyirxəbər, bu zaman orada olan Əziz adlı şəxsin ona zərbə endirdiyini bildirib. Jurnalist qeyd etdi ki, aldığı zərbələr nəticəsində xəsarətlər  alıb.
Z.Xeyirxəbər vurğuladı ki, onun təkidi ilə polis nəfərləri həmin şəxsləri saxlayaraq 9-cu polis bölməsinə gətiriblər. O, əlavə etdi ki,  9-cu polis bölməsində İbrahim adlı tədqiqatçının kobud rəftarı ilə üzləşib və təhqirə məruz qalıb. Mən isə ona zərərçəkən olduğumu bildirdim və fiziki təzyiqə məruz qalmağımla bağlı şikayət ərizəsi yazdım. Çalışdığım agentliyin rəhbərliyi Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamasından sonra DİN-dən bölməyə zəng etdilər. Yalnız bundan sonra mənimlə normal rəftar olundu” – deyə Z.Xeyirxəbər tibbi ekspertizadan keçdiyini də bildirdi.
“SalamNews” agentliyinin direktoru  Gülnaz Qəmbərli dünən hadisə ilə bağlı dəfələrlə Mətbuat Şurasına zəng vurduğunu, lakin onun zənglərinə cavab verilmədiyini bildirdi: “Bundan sonra mən Daxili İşlər Nazirliyinə məsələ ilə bağlı məlumat verdim. Daxili İşlər Nazirliyi işə qarışandan sonra bölmənin əməkdaşları tədqiqata başladılar”. O, həmçinin qeyd etdi ki, baş vermiş hadisə ilə bağlı RATİ əməkdaşları tərəfindən dərhal araşdırma aparılıb və hüquqi yardım üçün Media Hüququ İnstitutuna müraciət edilib.  
Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağəliyev isə təmsil etdiyi qurumun jurnalistə hüquqi yardım göstərəcəyini bildirdi. “Sabah jurnalistin döyülməsi ilə bağlı cinayət işinin başlanması və tədqiqatçının pis rəftarı ilə əlaqədar Daxili işlər Nazirliyinə şikayət təqdim ediləcək” – deyən X.Ağəliyev əlavə etdi ki, günahkarların cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq.
Qeyd edək ki, rusdilli “SalamNews” (salamnews.org) agentliyi noyabr ayından fəaliyyət göstərir.
 
 
Previous Post

MEDİA QANUNVERİCİLİYİNƏ DƏYİŞİKLİKLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Next Post

TƏLƏBƏ-JURNALİSTİN ALİ MƏKTƏBDƏN QOVULMASI İLƏ BAĞLI AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.