“TURAN-SERVİS” MMC-NİN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN QƏRAR NÖVBƏTİ PROSESDƏ ELAN OLUNACAQ

Bu gün (5 oktyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə  “Turan Servis” MMC-nin  direktoru Samir İsmayılovun  Vergilər Nazirliyinə və Bakı Şəhər Vergilər Departamentinə qarşı qaldırdığı iddiaya əsasən 1 saylı Bakı İqtisad Məhkəməsinin 29 may tarixində çıxardığı hökmdən hər iki tərəfin verdikləri  apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı “Turan Servis” MMC-nin direktoru Samir İsmayılov və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdehlərdən  Vergilər Departamentinin hüquqşünası Nəsib Nəbiyev, Vergilər Nazirliyinin nümayəndələri – Günay Cəfərli, Vergilər  Departamenti yanında baş dövlət vergi müfəttişi Cəmil Məmmədov iştirak edirdilər.
Vergilər Nazirliyinin Vergilər  Departamenti yanında baş dövlət vergi müfəttişi Cəmil Məmmədov “Turan Servis” MMC-də audit yoxlama zamanı 2007-ci ilin 1-ci rübündə çəkilən xərclərin illik xərclərə aid olmadığını və az göstərildiyini bildirdi.
İddiaçının vəkili E. Sadıqov yoxlamanın qanunsuz keçirilməsini vurğulayaraq, qarşı tərəfin appelyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş etdi.
Vergilər Departamentinin hüquqşünası Nəsib Nəbiyev və Vergilər Nazirliyinin nümayəndəsi G.Cəfərli birinci instansiya məhkəməsinə təqdim olunan ilkin iddiada cavabdehin 2000 manat ödəməsi barədə tələbinin olmamasını hakimin diqqətinə çatdıraraq, iddia tələbinin təmin olunmamasını xahiş etdi.
Hakim qərarı elan etmək üçün son prosesi 7 oktyabr saat 11:45-ə təyin etdi.
Xatırladaq ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməsi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlaması haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir. 29 may 2009-cu ildə 1 saylı Bakı İqtisad Məhkəməsi  qismən təmin edilməsi barədə qərar çıxarılıb.
Previous Post

“ATV İNT” TELEKANALI YAYIMA BAŞLADI

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.