NAZİM QULİYEV BARƏSİNDƏ QƏRARDAD ALİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

dekabr 1st, 2008
Bu gün (01 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə "İdeal" qəzetinin təsisçisi Nazim Quliyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə əsasən proses keçirilib.

Şikayətçi tərəfin vəkili Vüqar Xasayevin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstituna (RATİ) verdiyi məlumata görə, proses qeyri-müəyyən vaxtadək qədər təxirə salınıb. “Prosesdə iddiaçı vəkillərdən biri – Cavad Cavadov Nəsimi rayon məhkəməsində Nazim Quliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış  qərardadın Ali Məhkəməyə göndərilməsi haqqında vəsatət qaldırdı. Vəsatət təmin olundu və buna görə də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salındı” – deyə vəkil Xasayev bildirib.
Xatırladaq ki, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov Nazim Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Iddiaya səbəb "İdeal" qəzetinin 17 sentyabr 2008-ci il tarixli sayındakı "Tifaqı dağılmış Azərittifaq" başlıqlı məqalənin sonunda verilən anons (Tənzilə Rüstəmxanlı ilə Eldar Quliyevi nə birləşdirir?) səbəb olub.  "Azəri-Türk" Qadınlar Birliyinin sədri olan T.Rüstəmxanlı bu anonsun onun şərəf və ləyaqətinə toxunulduğunu iddia edərək məhkəməyə müraciət edib. Əlavə edək ki, Nazim Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub.