JURNALİSTLƏR SÖZ AZADLIĞI GÜNÜNÜ MƏRHUM JURNALİST ELMAR HÜSEYNOVUN MƏZARINI YAD ETMƏKLƏ QEYD ETDİLƏR

Mayın 3-də – Beynəlxalq Mətbuat Azadlığı Günündə bir qrup jurnalist “Monitor” jurnalının redaktoru, 2005-ci ilin martında öz evinin kandarında qətlə yetirilmiş Elmar Hüseynovun məzarını ziyarət edib.

Bu gün Elmar Hüseynovun məzarını ziyarətə gələn redaktorlar və jurnalist təşkilatlarının nümayəndələri  Azərbaycanda söz azadlığı naminə canından keçmiş jurnalistin xatirəsini anıblar.

   “Turan” İnformasiya Agentliyinin  direktoru Mehman Əliyev deyib ki, söz azadlığı sahəsində vəziyyət pisləşməkdə davam edir və bunu beynəlxalq təşkilatların hamısı təsdiqləyir. Bu il jurnalistlərə basqılar və onların oğurlanması halları artıb, halbuki, son bir neçə ildə bu cür hallar baş vermirdi.

  “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid deyib ki, bu cür ağır şəraitə və hakimiyyətin təzyiqlərinə baxmayaraq, azad mətbuat insanların zəkası uğrunda mübarizəni davam etdirir.

            Politoloq Leyla Əliyeva bildirib ki, söz və ifadə azadlığı təkcə jurnalistlərin deyil, bütün cəmiyyətin prearitetidir. Odur ki, cəmiyyət, siyasi partiyalar və sıravi vətəndaşlar mətbuatı  müdafiə etməlidir.

   “Azadlıq” qəzetinin şərhçisi Rövşən Hacıyev Ombudsman Elmira Süleymanovadan jurnalistlərin hüquq və azadlıqlarının müdafiəçisi kimi öz vəzifəsinin icrasına başlamağı tələb edib.

  Mərhum jurnalistin atası Sabir Hüseynov isə bildirib ki, dövlət başçısı 40 gün ərzində qətlin üstünün açılacağını vəd etmişdi. Lakin 7 il keçir və qətl açılmayıb.

  ABŞ səfirliyinin mətbuat katibi Kiis Bin 3 may münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib, onlara mövcud problemlərinin həllində uğurlar arzulayıb.

 Jurnalist və RATİ-nin nümayəndəsi İdrak Abbasov da çıxış edərək son zamanlar jurnalistlərə və bloqçulara qarşı basqıların artdığını dedi. O sosial  şəbəkələrdə fəallıq edən Bəxtiyar Hacıyev, Cabbar Savalanlının qondarma ittihamla həbs edildiyini, jurnalist Eynulla Fətullayev barəsində Avropa Məhkəməsinin dərhal azad olunmağına dair qərar verməsinə baxmayaraq hələ də onun həyatı üçün təhlükə olan cəzaçəkmə müəssisəsində saxlanıldığını, Elmar Hüseynovun qatillərinin və bu qətlin sifarişçilərinin cəzalandırılmadığını bildirdi. 

Previous Post

NEMƏT PƏNAHLI MƏHKƏMƏDƏ MƏTBUAT İŞTİRAK ETMƏDİYİ ÜÇÜN İFADƏ VERMƏKDƏN İMTİNA EDİB

Next Post

GƏNC FƏAL BARƏSİNDƏ QƏRAR SABAHA QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.