Avropa Yayım Birliyi Baş Assambleyasının Bakıda iyunun 30-dan iyulun 2-dək keçirilən 64-cü sessiyasınının son günündə “İfadə azadlığı, mətbuat müstəqilliyi və demokratiya” ilə bağlı Bəyannamə qəbul olunub.
Bəyannamənin tam mətnini təqdim edirik:
Milli telekanal olan İctimai Televiyanın dəvəti ilə Azərbaycanda, Bakıda keçirilən Avropa Yayım Birliyinin Baş Assambleyasının 64-cü sessiyasında xüsusilə ictimai xidmət mediasının iki əsas prinsipinə nəzər yetirilmişdir: ifadə və informasiya azadlığı, mətbuatın azadlığı və plüralizmi. Avropa Yayım Birliyi yarandığı 60 ildən bəri bu prinsipləri, onların nəticələrini, ictimai xidmət mətbuatının təşkilat azadlığı və redaksiya müstəqilliyini müdafiə etmiş və bunlar Birliyin Nizamnamələrinin 1-ci Maddəsində qorunur. Jurnalistikanın keyfiyyətini və ədalətli işıqlandırmaya təminat verməklə bağlı Baş Assambleyadakı müzakirələrin ardınca, 150 nümayəndə aşağıdakı bəyannaməni qəbul etmişdir:
– Avropa Yayım Birliyi hər yerdə və xüsusilə də AYB-nin üzvlüyündə təmsil olunan bütün ölkələrdə, Avropa Şurasının İnsan Haqları üzrə Avropa Konvensiyasına (Maddə 10) uyğun olaraq ifadə azadlığına və mətbuatın azadlığı və plüralizminə hörmət etməyə çağırır.
AYB qeyd edir ki:
– İfadə və informasiya azadlığı hüququ siyasi və iqtisadi maraqlar üzərində üstünlük təşkil edir və Dövlətlər demokratiyanın bu əsas təməl daşına təminat verməyə və qorumağa borcludurlar.
– Azərbaycan da daxil olmaqla Avropa Şurasının bütün üzvləri İnsan Haqları ilə bağlı Avropa Konvensiyasına hörmət etməlidirlər,
– Azərbaycanın media qanunları media azadlığının təminatı məqsədinə keçmişdəkindən daha çox xidmət edir və Azərbaycan Avropa Şurasına qəbul edildikdən sonra İctimai telekanalın yaradılması jurnalistikanın keyfiyyətinin artmasına kömək etdi.
Bununla belə, AYB öz üzvləri tərəfindən ifadə edilən narahatlıqları nəzərə alaraq:
– jurnalistlərə qarşı həbsləri, təqibləri, və hədələri pisləyir və hökumətləri jurnalistlərə qarşı bütün zorakılıq hallarını araşdırıb günahkarları cəzalandırmağa çağırır;
– rəsmiləri Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyə və jurnalistlərə qarşı olan bütün işləri beynəlxalq hüquqi standartlara uyğun azad, ədalətli və şəffaf məhkəmə vasitəsilə həll etməyə çağırır;
– qanunverici orqanlardan və hökumət rəhbərlərindən tələb edir ki, diffamasiyanı Cinayət Məcəlləsindən çıxarsınlar və jurnalistlərə qarşı diffamasiyaya görə cinayət məsuliyyəti açmasınlar;
– bütün hökumətləri İfadə azadlığı üçün münbit şərait yaratmağa və tənqidi səslərin susdurulması ilə bağlı hüquqi addımların qarşısını almağa çağırır;
– bütün hökumətləri ədalətsiz hökumət tənzimləməsindən və ifadə azadlığına müdaxilədən çəkinməyə çağırır və vurğulayır ki, yayımçıların siqnallarına senzura qoyulması, yaxud onların (siqnalların) qarışdırılması kimi hallara demokratik cəmiyyətlərdə yer yoxdur;
– hökumətləri bütün media platformalarında ifadə azadlığına şərait yaratmağa, qərəzsiz və mustəqil jurnalistlər tərəfindən işıqlandırma və rəsmilərin heç bir müdaxilə etmədiyi, qorxudan və zorakılıqdan azad, tam və açıq demokratik debatlar da daxil olmaqla müstəqil jurnalistikanı təmin etməyə çağırır.
– xatırladır ki, İnternet və sosial media şəbəkələri demokratik cəmiyyətdə media plüralizmi üçün çox vacibdir və bütün hökumətləri fərdlərin bu şəbəkələr vasitəsilə özlərini ifadə etməsinə hörmət etməyə çağırır.
AYB xatırladır ki mətbuat azadlığı media məsuliyyəti və jurnalistlərin professional standartlarımıza və dəyərlərmizə uyğun fəaliyyət göstərməsi ilə yanaşı getməlidir.
Nəhayət, AYB bu bəyannamədə ifadə olunan prinsiplərə bütün ölkələrdə hörmətlə yanaşılacağını təmin etmək üçün öz üzvlərini tam dəstəkləyir.”