HİLLARİ KLİNTON AZƏRBAYCAN RƏSMİLƏRİ İLƏ BLOGGERLƏRİN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Azərbaycana səfəri çərçivəsində rəsmilərlə görüşü zamanı həbsdə olan bloggerlər – Emin Milli (Abdullayev) və Adnan Hacızadənin məsələsini müzakirə edib.   

“State.gov” saytının məlumatına görə, o, bu barədə iyulun 4-də vətəndaş cəmiyyəti və gənclərlə görüşü zamanı deyib: 

 

 “Məncə nəzərə çarpan inkişaf olsa da, özünüz də yaxşı bilirsiniz ki, hələ də çox çətinliklər və görüləsi işlər var. Məsələn Prezident Barak Obama və mən həbsdə olan iki gənc bloggerlə bağlı çox sayda məktublar almışıq. Bu cür problemlər hər bir cəmiyyətin üzləşdiyi problemlərdir. Əlbəttə ki, mən bu problemləri bu günkü görüşlərimdə qaldırmışam” – deyə xanım Klinton bildirib.

 

Əlavə edək ki, Hillari Klinton Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib.

 

Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda medianın və söz azadlığının vəziyyəti ilə Hillari Klintona müraciət edərək, Azərbaycan rəsmiləri ilə görüşləri zamanı bu problemləri müzakirə etməsini xahiş etmişdi.

 

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

AVROPA YAYIM BİRLİYİ BAŞ ASSAMBLEYASININ 64-CÜ SESSİYASINDA BƏYANNAMƏ QƏBUL OLUNUB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.