VƏKİLƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (5 iyul) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi  Mirqafar Seyidovun Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

 

Prosesdə iddiaçının nümayəndələri Əlirza Həbilov və Mübariz Məmmədov, cavabdeh tərəfdən isə Müzəffər Baxışov, onun vəkilləri qismində – Fəxrəddin Mehdiyev, Anar Qasımov, Mustafa Abbasbəyli və Vəkillər Kollegiyasının daha 5 üzvü iştirak edirdilər. Qeyd edək ki, 8 vəkilin hamısı həmkarlarına dəstək vermək üçün prosesə çıxırlar.

 

Müzəffər Baxışov çıxışında bildirdi ki, Mirqafar Seyidov fiziki şəxs olaraq iddia qaldırıb və və onun etibarnamə verdiyi Mübariz Məmmədov Daxili İşlər Nazirliyinin əməkdaşı olduğundan onun Seyidovu təmsil etməsi qanunla yolverilməzdir. Baxışov həmçinin qeyd etdi ki, Mirqafar Seyidovun etibarnaməsi onu Nərimanov rayon məhkəməsində təmsil etnək üçündür və bu etibarnamə ilə Yasamal rayon məhkəməsində təmsilçilik qeyri-qanunidir. Müzəffər Baxışovun vəkili Anar Qasımov isə etibarnamənin etibarsız olduğunu və iddiaçının iki dəfə hazırlıq iclasında iştirak etmədiyini əsas gətirərək, iddianın icraata qəbul edilməməsini istədi.

 

Hakim hazırlıq iclası ilə bağlı qərarın 7 iyul saat 10:00-da elan olunacağını bildirdi.

 

Qeyd edək ki, iddiaya səbəb Müzəffər Baxışovun "Azadlıq" qəzetinin 4 may 2010-cu il tarixli buraxılışında Azərbaycanda son dövrlərdə işgəncə faktlarının artması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusi texnologiyalarla müxtəlif işgəncə metodlarının çox geniş şəkildə tətbiq olunması ilə bağlı verdiyi müsahibə olub. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi  Mirqafar Seyidov müsahibədə deyilənləri böhtan hesab edərək, Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə məhkəməyə müraciət edib.  

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,539/lang,az/  

Previous Post

EMİN MİLLİ CƏZA ÇƏKDİYİ MÜƏSSİSƏYƏ QAYIDIB

Next Post

AVROPA YAYIM BİRLİYİ BAŞ ASSAMBLEYASININ 64-CÜ SESSİYASINDA BƏYANNAMƏ QƏBUL OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.