MÜDAFİƏ KOMİTƏSİ CABBAR SAVALANLININ HƏBSİNİ SİYASİ SİFARİŞ SAYIR

   Fevralın 10-da İnsan Hüquqları Evində Sumqayıt polisi tərəfindən narkotik ittihamı  adı ilə şərlənərək həbsə alınan AXCP-nin gənc fəalı Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsi dəyirmi masa keçirib.

Tədbirə qatılan siyasi partiya, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Savalanlının anası və dayısı çıxışlarında bu ittihamı qərəzli, cəmiyyətdəki ayrı-seçkiliyin nəticəsi kimi dəyərləndiriblər. Eyni zamanda bu həbsin həm də siyasi sifariş olması mövqeyi də ifadə edilib.

            Həbsin motivlərinə toxunan jurnalist Şahvələd Çobanoğluna görə rəsmi Bakı Misirdə, Tunisdə baş verən inqilabi hadisələrdən ciddi narahat olub, buna görə də ölkədə istənilən siyasi fəallığı hakimiyyətə qorxu sayaraq cəzalandırmaq yolu tutub. İş o yerə çatıb ki, ölkədə hər hansı qəzet və ya internet səhifələrində mitinq adı çəkilən kimi hakimiyyət müxalifət qüvvələrinə təzyiqlərə başlayır. Jurnalist  bu həbsdən sonra gənclərə, bölgələrdə AXCP fəallarına qarşı siyasi təqiblərin başlandığını nəzərə çatdırıb.

            Savalanlının vəkili Əsabəli Mustafayev Cabbar Savalanlının həbsi zamanı hüquqi prosedurların pozulmasına toxunub. Belə ki, həbs edilən Savalanlının vəkillə təmin edilməməsi, hüquqlarının izah olunmaması, özünə qarşı ifadə alınması hüquqi pozuntular kimi dəyərləndirilib. Savalanlı polisdə yanına gələn Sumqayıt şəhər prokurorunun müavininə də həbsinin siyasi motivli olduğunu deyib. Buna qədərsə polis həbsdən bir gün öncə Savalanlının yaşadığı mənzilə gəlib, onun bu mənzildə yaşayıb-yaşamamasını dəqiqləşdirmək üçün “siyahıya alma” aparıb. Bu məsələ ilə bağlı vəkil Sumqayıt polis rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb və fevralın 14-də bu işə baxılması gözlənilir. Cabbar Savalanlının narkotikadan istifadə edib etməməsi də hələ müəyyən olunmayıb. “Bu adam narkotikadan istifadə edib-etmir, bu məlum deyil, amma insan etmədiyi cinayətə görə həbsdədir bu faktdır”-deyə vəkil həbsə münasibət ifadə edib.

            “Bu həbsin şər, böhtan olması aydındır, bunu bütün dünyaya çatdıraraq bu adamları ifşa edəcəyik. Bu barədə artıq beynəlxalq qurumlar məlumatlandırılıb ”-deyə AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib. Eyni zamanda tədbirdə gənclər hakimiyyətə kölə gənclik yetişdirmək siyasətinin nəticəsiz qalacağı mesajı verib.

            Hüquq müdafiəçisi Səidə Qocamanlı Savalanlının müdafiəsilə bağlı ombudsman aparatını, bir sıra deputatları məlumatlandırdıqlarını deyib. Fevralın 9-u və 10-da ombudsman aparatının əməkdaşları Şüvəlan təcridxanasında saxlanılan Savalanlı ilə görüşüb və gəncin həbsdən azad olunması üçün çalışdıqlarını bildirib.

            Bundan əlavə Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq də bu həbslə bağlı məlumatlandırılıb.   

            AXCP sədri Əli Kərimli də həbsin siyasi sifarişli olduğunu deyib. Onun fikrincə, Savalanlının həbsi, Sabirabadda AXCP üzvlərini saxlanılması, Sumqayıtda gənc fəal Elçin Həsənovun polisə çağırılması bir zəncirin həlqələridir.

            RATİ- nin sədri Emin Hüseynov bu ittihamın tamamilə saxta və  böhtan xarakterli olduğunu bildirdi. Onun sözlərinə görə, əslində narkotik biznesi  hüquq-mühafizə orqanları, xüsusən Gömrük orqanları tərəfindən himayə edilir. Hüseynov bu yaxınlarda Gömrük əməkdaşları tərəfindən saxlanıldığını və bu proses zamanı Gömrük keçid məntəqələrində xüsusi baxış avadanlıqlarının olmasına baxmayaraq onlardan istifadə edilmədiyini müşahidə etdiyini bildirdi

            Tədbirin sonunda Müdafiə komitəsinin bəyanatı açıqlanıb. Həmin sənəddə müəlliflər hakimiyyəti repressiyalarda ittiham edir, həbsdə olan siyasi və ictimai fəallar Cabbar Savalanlının, Ruslan Bəşirlinin, Eynulla Fətullayevin həbsdən azad olunmalarını tələb edirlər.

Previous Post

“XURAL” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ JURNALİST TƏŞKİLATLARININ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.