Müdafiə tərəfi jurnalist Nicat Əliyevin məhkəməsində ittiham tərəfin şahid ifadələrinin etibarlılığını şübhə altına alır

Nicat (5)

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Jurnalistin vəkili Yalçın İmanov prosesdən sonra RATİ-yə  bugünkü prosesdə ittiham şahidlərinin dindirilməsinin davam etdiyini bildirib.

“Bu gün keçirilən prosesdə Əhmədov Adil Nadir oğlu adlı şəxs ifadə verdi. Məlum oldu ki, o istintaqa verdiyi ifadəsini təsdiq eləmir. O, məhkəmədə də ziddiyətli ifadə verdi. Daha bir maraqlı məqam üzə çıxdı ki, bu şahidin polis orqanları ilə şübhəli əlaqələri var, yəni o bir qayda olaraq cinayət işlərində polisin şahidi kimi iştirak edir. Müdafiə tərəfi olaraq, iş üzrə digər şahidlərin də prosesdə iştirakının təmin edilməsi barədə hakimə müraciət etdik. Hakim Z. Ağayev bu barədə müvafiq tədbirlərin görüləcəyini bildirdi” –deyən vəkil növbəti prosesin 11 iyul saat 10:30-a təyin olunduğunu bildirib.

Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

Previous Post

Əvəz Zeynallının işindən Ali məhkəməyə şikayət göndərilib

Next Post

“AzPolitika.info”nun redaktoru sayta edilən güclü haker hücumunun arxasında hökumətin durduğunu iddia edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.