NAXÇIVANDA DEMOKRATİYA VƏ QHT-LƏRİN İNKİŞAFI RESURS MƏRKƏZİNİN ƏMƏKDAŞLARI DÖYÜLÜB

Dünən (15 dekabr) Naxçıvan Muxtar Respublikası “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin əməkdaşları Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi tərəfindən döyülüb.

Nəticədə Mərkəzin əməkdaşlarından İlqar Nəsibov və Vəfadar Eyvazov ciddi bədən xəsarəti alıblar.  Bu barədə RATİ-nin Naxçıvandakı bölgə müxbirinə Mərkəzin direktoru Məlahət Nəsibova məlumat verib. O bildirib ki, Mərkəzin əməkdaşları Norveç səfirliyinin maliyyə, Avrasiya Əməkdaşlıq Fondunun texniki dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə – Naxçıvan Muxtar Respublikası ali məktəblərində anti-korrupsiya mexanizminin  tətbiqi” layihəsi çərçivəsində tələbə və müəllimlər arasında sorğu keçirərkən universitet rəhbərliyi  bədən tərbiyəsi fakültəsinin 50 nəfərə qədər tələbəsi ilə birgə onları təhqir edərək ərazini tərk etməyi tələb ediblər: “Onlar ərazidən kənarlaşandan sonra yaşadıqları binanın qarşısında qəfildən həmin adamların hücumuna məruz qalıblar. Hər ikisinin qabırğaları batıb, Vəfadar isə həm də sifətindən xəsarət alıb. Yəqin ki, qabırğaları sınıb, amma onları xəstəxanaya da götürməyiblər və aldıqları xəsarətə görə tibbi rəy də verilməyib”.
RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov da hadisə yerinə gəlib. Ona qarşı nalayiq söyüşlər və hədələr olsa  da fiziki güc tətbiq olunmayıb.
Hadisə yerinə gələn polis əməkdaşları isə zərərçəkənlərə şəhər polisinə müraciət etməyi məsləhət görüblər. Şəhər polisindən isə döyülənlərə Daxili İşlər Nazirliyinə getməyi məsləhət görüblər. Burada isə iş vaxtının bitdiyi bildirilib və şikayət ərizəsi qəbul olunmayıb.
İlqar Nəsibovun RATİ-yə verdiyi məlumata görə bu gün (16 dekabr) məsələ ilə bağlı Naxçıvan şəhər Prokurorluğuna və Daxili İşlər nazirliyinə müraciət edəcəklər.
Qeyd edək ki, İlqar Nəsibov həm də “Azadlıq” Radiosunun müxbiridir. O, Naxçıvanda dəfələrlə hücumlara məruz qalıb, 2007-ci ildə isə həbs olunmuşdu.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIR OLARAQ QALIR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.