Pərviz Həşimli prezidentliyə namizədlərə müraciət edib

Sentyabrın 30-da vəkil Anar Qasımlı MTN-in istintaq təcridxanasında “Bizim yol” qəzetinin əməkdaşı, moderator.azsaytının rəhbəri Pərviz Həşimli ilə görüşüb. Bu barədə bu gün obyektiv tv-yə Anar Qasımlı məlumat verib.

Vəkil bildirib ki,  jurnalistin vəziyyəti normaldır, yalnız saxlanma şəraitindən, xüsusilə də  24 saat kamerada işığın söndürülməməsindən və “Yeni Müsavat”, “Azadlıq” , “Bizim yol” qəzetlərinin verilməməsindən narazı olduğunu bildirib.

 “Pərviz Həşimli prezidentliyə namizədlərdən bir neçəsi istisna olmaqla ona qarşı irəli sürülmüş saxta cinayət işi ilə bağlı debat zamanı ictimaiyyətə məlumat verilməsini prezidentliyə namizədlərdən xahiş edib”, deyə vəkil qeyd edib.

 Vəkil onu da qeyd edib ki,  jurnalistə həbs zamanı fiziki təzyiq göstərilib – onun dizi sıyrılıb.

“Pərviz Həşimli ailə üzvləri ilə görüşmək və həmçinin də Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir. Onu da qeyd edim ki, Pərviz Həşimlinin həbsindən sonra açılmış cinayət işi üzrə heç bir istintaq hərəkəti aparılmayıb.  Pərviz ona qarşı irəli sürülmüş ittihamları əsassız hesab edir. Həmçinin Pərviz Əli Kərimli ilə bağlı ondan məcburi ifadə alınması xəbəri təkzib edib. Pərviz onu da əlavə edib ki, saxlanma zamanı ona “silahı təsadüfən Əli Kərimli üçün gətirmirsən” kimi təxribatçı suallar veriblər”, -deyə Anar Qasımlı əlavə edib.

 Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi  Pərviz Həşimli barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib.

Previous Post

Jurnalist Hilal Məmmədov barəsində rüsvayçı həbs cəzası çıxarılıb

Next Post

Azərbaycanda insan haqları: Avropa Şurasına sədrlikdən səkkiz ay əvvəl

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.