“İFADƏ AZADLIĞI HAQQINDA” QANUN LAYİHƏSİ HAZIRLANIB

Media Hüququ İnstitutundan RATİ-yə daxil olan məlumata görə, bu təşkilat tərəfindən “İfadə azadlığı haqqında” Qanun layihəsi hazırlanıb və yaxın günlərdə kitab şəklində çap olunacaq.

Qanun layihəsi hazırlanarkən Gürcüstanın “İfadə azadlığı haqqında”  qanunun müddəaları və Avropa ölkələrinin müvafiq hüquqi konsepsiyaları nəzərdən keçirilib. Bu qanun yalnız aşağıdakı hallarda ifadə azadlığına müdaxiləyə yol verir:
     Müdaxilə:
•    legitim məqsədin əldə olunmasına yönəlsin
•    aydın, anlaşılan və məqsədyönlü qanunla müəyyən olunsun
•    demokratik toplumda qaçılmaz zərurətdən irəli gəlsin
•    məhdudlaşdırma qoymaqla qorunan dəyərin önəmi belə məhdudlaşdırmanın doğurduğu neqativ nəticələrdən üstün olsun
•    ayrıseçici olmasın
     Qanun layihəsi ilə hər bir şəxs gözdənsalıcı (defamativ) ifadəyə görə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə cavabdehi məhkəmə qərarı barədə məlumatı dərc etməyə, eyni zamanda maddi zərərin (gerçək zərər və əldən çıxmış fayda) vurulması sübuta yetirildiyi halda bu zərərin əvəzinin ödənilməsinə məcbur edə bilər. Mənəvi zərərə görə əvəzin məbləği şərti maliyyə vahidinin 1000 mislindən artıq ola bilməz.
     Layihə Cinayət Məcəlləsinin (CM) 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin tam ləğvini deyil, onlara dəyişikliklərin edilməsini nəzərdə tutur. Təklif olunur ki, Məcəllənin 147.1-ci və 148-ci maddələrindən “və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə” ifadələri və 147.2-ci maddə (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) tamamilə çıxarılsın. CM-nin Dövlət bayrağı və Dövlət gerbi barədə təhqiredici hərəkətlərə görə məsuliyyəti nəzərdə tutan 324-cü maddəsindən “və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə” ifadəsinin çıxarılması, prezidentin şərəf və ləyaqətini ləkələmə və ya alçaltmaya görə məsuliyyət nəzərdə tutan 323-cü maddənin isə bütövlükdə çıxarılması da təklif edilir.  

Previous Post

JURNALİST İCTİMAİYYƏTİNƏ İKİ İTKİ ÜZV VERİB

Next Post

JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI MATERİALLAR PROKURORLUĞA TƏQDİM OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.