İQTİSADÇI BLOQGERLƏR BİRLİYİ GÖRDÜKLƏRİ İŞLƏ BAĞLI MƏLUMAT VERİB

aprel 15th, 2008
Bu gün RATİ-nin mətbuat mərkəzində Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə yaradılmış İqtisadçı  Bloqgerlər Birliyi mətbuat konfransı keçirib.

Tədbiri açıq elan edən Birliyin rəhbəri Natiq Cəfərli bildirib ki, “bu birlik artıq 2 aydan çoxdur ki, fəaliyyət göstərir. Blokların əsas məqsədi informasiyanın alternativ yayılmasına, insanların informasiya mənbələrinə daha çox çıxış əldə etməsinə xidmət etməkdir. Bu sahə çox maraqlı və az istifadə olunan bir sahədir. Təəssüflər olsun ki, Azərbaycanda bu blokların yaradılması haqqında fikirləşənlər çox azdır. Bloqların yaxşı xüsusiyyəti odur ki, oxucu oxuduğu məlumatı anlamazsa və onda hansısa bir sual yaranarsa bu zaman öz sualını bloq aparıcısına ünvanlaya bilər. Və həmin vaxt da cavab ala bilər. Beləliklə də interaktiv oxucu ilə birbaşa rabitə yaranır. Biz bu işə əvvəl üç nəfərlə başladıq. Sonradan daha iki nəfər də bizə qoşuldu. Mübariz Rəhimli, Emil Hüseynov, Kamran Xuduyev layihənin iştirakçılarıdır. Bloqlar haqda məlumatları yaymaq çətindir. Bu yalnız müəyyən tədbirlər keçirməklə və ya internet istifadəçilərinin arasında yaymaqla mümkündür. Regionlarda demək olar ki, bu barədə məlumat yoxdur. Biz həmin insanları cəlb etməliyik ki, həmin insanlar öz rayonları haqqında informasiyaları, problemləri dünyaya yaya bilsinlər. Bu məqsədlə gələn ay Lənkəran və Gəncədə  tədbirimiz planlaşdırılıb”.

Tədbirdə iştirak edən politoloq Hikmət Hacızadə öz çıxışında bildirdi ki, “Mən Azərbaycanda vətəndaş jurnalistikasının inkişafı üçün bloqların yaradılmasını tamamilə dəstəkləyirəm. Onsuz da bütün dünyada günü-gündən qəzet oxucularının sayı azalır. Maraq daha çox internetədir. Mən hamını şəbəkələşməyə çağırıram.”