MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLƏN BAŞ REDAKTORUN SƏHHƏTİ DAHA DA AĞIRLAŞIB

iyul 31st, 2009
Dünən (30 iyul) Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində saxlanılan “Tolışi-səda” (”Talışın səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüblər. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Görüş zamanı N.Məmmədov səhhətinin yaxşı olmadığını, bir neçə ay əvvəl xəstələndiyini və bundan sonra bədənində kəskin ağrıların başladığını və bir neçə gün öncə – iyulun 28-də müalicə müəssisəsinə yerləşdirildiyini bildirmişdir. N.Məmmədov müalicə müəssisəsində ona lazımi tibbi yardım göstərilməməsindən və buradakı şəraitdən narazı olduğunu söyləmişdir.
N.Məmmədovun iştirakı ilə Müalicə müəssisəsinin baş həkimi, rəhbərliyi ilə söhbət aparılmış, məhkumun qaldırdığı məsələlərin tezliklə həll edilməsi üçün onlara müvafiq tapşırıq verilmişdir. Müəssisənin rəhbərliyi qaldırılan məsələlərin həll ediləcəyini bildirmişdir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun Hüquqlarının Müdafiə Komitəsindən daxil olan məlumatda bildirilir ki, dünən onunla görüşən ailəsi və vəkili xəstəxanaya köçürüldükdən sonra N.Məmmədovun səhhətinin daha da ağırlaşdığını deyiblər.

Xatırladaq ki,“Tolışi Sədo” (“Talışın Səsi”) Novruzəli Məmmədovun Azərbaycan Respublikası CM-nin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il azadlıqdan məhrum edilib.