ALMANİYA DEPUTATI GƏNC FƏALLARLA GÖRÜŞMƏK ÜÇÜN BAKIYA GƏLİB

Almaniya Bundestaqının deputatı Jorq Tauss həbsdə olan iki gənc fəal – Emin Milli və Adnan Hacızadə ilə görüşmək məqsədilə Bakıya səfərə gəlib. Bu barədə “Turan”a Almaniyanın Bakıdakı səfirliyindən bildirilib. Səfirliyin məlumatında qeyd edilib ki, son həftələrdə Almaniyadan və Avropadan Azərbaycan hökumətinə bu səfərə imkan yaradılması və bloggerlərin həbsdən azad edilməsi xahişi ilə çox sayda müraciətlər ünvanlanıb.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLƏN BAŞ REDAKTORUN SƏHHƏTİ DAHA DA AĞIRLAŞIB

Next Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİ 4 DÖVLƏT QURUMUNU MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.