BAŞ REDAKTORUN VƏSATƏTLƏRİ TƏMİN EDİLMƏDİ

aprel 8th, 2010
Bu gün (8 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti ilkin məhkəmə baxışı keçirilib.

Prosedə şikayətçi tərəfdən Ə.Kərimov, qarşı tərəfdən isə Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Dabuleyka Quliyev və vəkil Əlirza Həbilov iştirak edirdilər.
Proses zamanı Ə.Kərimov iki vəsatət qaldırdı. Birinci vəsatətdə o, Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarının ləğv edilərək, işi baxılması üçün yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılmasını hakimdən xahiş etdi.
İkinci vəsatətdə isə əgər məhkəmə baxışı təyin olunarsa, işə məhkəmə istintaqı ilə baxılmasını istədi.
Qarşı tərəfdən hər iki nümayəndə bu vəsatətlərin əsassız olduğunu bildirərək, hakimdən vəsatətlərin təmin olunmamasını xahiş etdilər.
Hakimlər kollegiyası müşavirədən qayıdaraq, vəsatətlərin təmin olunmadığını və növbəti məhkəmə prosesinin 22 aprel saat 11:00-a təyin olunduğunu bildirdi.
Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək, Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.