RATİ Prezident Administrasiyası rəhbərinin QHT əleyhinə nitqini pisləyir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ramiz Mehdiyevin vətəndaş cəmiyyətinin ifadə və birləşmə azadlığını təhlükə altına alan çıxışını kəskin şəkildə pisləyir və bunu Azərbaycanın tərəfdar çıxdığı konvensiyalara və beynəlxalq insan haqları standartlarına zidd hesab edir. RATİ hökuməti ölkə konstitusiyası və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaş cəmiyyəti və vətəndaş iştirakçılığı üçün əlverişli mühit yaratmağa çağırır.

Seçkiqabağı təzyiqlərin yaratdığı narahatlıqlar Ramiz Mehdiyevin xarici donor təşkilatlarını yerli QHT-ləri qanunsuz maliyyələşdirməkdə ittiham edən çıxışından sonra daha da artdı.  RATİ hesab edir ki, müstəqil QHT-ləri xaricilərlə əlbir olaraq Azərbaycanda sabitliyi pozmağa cəhd etdiyini iddia etməklə, Mehdiyev əslində QHT-lərə qarşı daha geniş repressiya üçün bir bəhanə ortaya atır.

Mehdiyevin bu çıxışı QHT haqqında qanuna edilən dəyişikliklərin prezident tərəfindən imzalanmasından cəmi bir neçə gün sonraya təsadüf edir. İmzalanmış dəyişikliklər QHT-lərin maliyyə fəaliyyətinin tənzimlənməsinə şərait yaratmaqla, hökumətə bəyənmədiyi QHT-ni asanlıqla bağlamaq imkanı verir. RATİ qanuna edilmiş əlavələrin yerli insan hüquqlarını müdafiə təşkilatlarının fəaliyyətinə mümkün mənfi təsirlərindən narahatlığını ifadə etmişdi.

Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərən QHT-lər yerli mənbələrdən maliyyə yardımı almadığına görə qərb donorlarından əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə hakim dairələrə imkan verir ki, xaricdən pul köçürmələrinin qarşısını almaqla vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırsın.

Mehdiyevin çıxışı Rusiyada bu yaxınlarda qəbul olunmuş “Anti-agent” qanununu xatırladır. Belə ki, sözügedən qanun Rusiyada xarici maliyyə vəsaitləri ilə maliyyələşən QHT-lərə siyasi fəaliyyətlə məşğul olan “xarici agent” lər adı verib.

“Həm imzalanmış anti-QHT qanun, həm də rəsmilərin çıxışları Azərbaycanda insan haqları və siyasi azadlıqlar üçün təhlükəli mahiyyət daşıyır. Beynəlxalq hüquqi sənədlərə əməl etməkdənsə, Azərbaycan hökuməti QHT-lərə qarşı təzyiq mexanizmləri tətbiq edən Rusiyanın yolunu davam etdirir”,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ hökumətin anti-QHT siyasətinin vətəndaşların Azərbaycan Konstitusiyasının 58-ci maddəsi ilə nəzərdə tutulmuş birləşmək hüququnu və Avropa Konvensiyasının 11-ci maddəsi ilə nəzərdə tutulmuş birləşmək azadlıqlarını kobud şəkildə pozduğunu hesab edir.

RATİ baş verənlərdən ciddi narahatlıq hissi keçirir. Belə ki, bütün bu addımlar prezident seçkiləri ərəfəsində hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının təhdidi və təqibi tendensiyasının davamını təşkil edir.

Hökumət ölkə konstitusiyası və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaş cəmiyyəti və vətəndaş iştirakçılığı üçün əlverişli mühit yaratmalıdır. RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa, Azərbaycan hökumətindən insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb etməyə çağırır.

RATİ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasını Azərbaycan hökumətinin birləşmək azadlığına qarşı davamlı təzyiqlərinə dərhal reaksiya göstərməyə çağırmaqla qeyd edir ki, bu təzyiqlər Universal Dövrü Baxış mexanizminin 2009-cu ildə keçirilmiş 4-cü sessiyasında Azərbaycan hökumətinə təqdim olunmuş tövsiyələrin yerinə yetirilmədiyini göstərir. Belə ki, hökumət insan haqlarının təşviqi, sərbəst toplaşma və birləşmə azadlıqlarının təmin olunması və hüquq müdafiəçilərinin fəaliyyətinə hörmət bəslənməsi ilə bağlı tövsiyələri yerinə yetirməyə heç bir cəhd göstərməmişdir (tövsiyə № A-2 və A-18).

RATİ bir daha hökuməti hüquq müdafiəçilərinin sərbəst və qorxu hissi olmadan fəaliyyət göstərməsini təmin etməyə, onları cəmiyyət içində nüfuzdan salmamağa, vətəndaş cəmiyyətinin ictimai iştirakçılığının artırılmasına və hökumətin fəaliyyətindəki qüsurların qanuni tənqidinə şərait yaratmaqla insan haqları və azadlıqlarının qorunması prinsipinə sadiqliyini nümayiş etdirməyə çağırır.

Previous Post

“Gündəlik Bakı” qəzetinin baş redaktoru bıçaqlanıb

Next Post

Bəyanat: Apellyasiya Məhkəməsi “Xəyal TV”nin jurnalistlərinə bəraət versin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.