SEÇKİ MONİTORİNQ MƏRKƏZİ FƏALİYYƏTİNİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR

“Mərkəzin qeydiyyatının ləğvi birbaşa 15 oktyabr prezident seçkiləri ilə əlaqədardır. Bizim birləşmək hüququmuz var.

Biz bu hüquqdan istifadə edərək istər qeydiyyatla, istərsə də qeydiyyatsız öz fəaliyyətimizi davam etdirəcəyik”. Bu sözləri Seçki Monitorinq Mərkəzinin (SMM) rəhbəri Anar Məmmədli bu gün (15 may) RATİ-nin mətbuat mərkəzində SMM-in qeydiyyatının ləğv edilməsi ilə bağlı keçirilən  mətbuat konfransında söyləyib.
Məmmədli çıxışı zamanı Mərkəzin 2001-ci ildən təsis olunduğunu və bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət etdiyini söylədi və bu il fevralın 1-də qeydiyyata alındıqlarını xatırlatdı. “Ədliyyə Nazirliyi SMM-in qeydiyyatının etibarsız sayılması və ləğv edilməsi ilə bağlı 17 aprel 2008-ci il tarixində 3 iddia irəli sürüb. SMM-in təsis sənədlərində təsisçilər barədə məlumatların qeyri-müəyyən olması; SMM-in hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyinə bildirilməsi və SMM-in Azərbaycan Respublikasının 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi. Qeyd edim ki, Ədliyyə Nazirliyi bu vaxta qədər SMM-in təsis sənədləri və fəaliyyəti ilə bağlı hər hansı iradlar irəli sürməyib” – deyə əlavə etdi.
      Tədbirdə iştirak edən Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli irəli sürülmüş iddiaları əsassız hesab etdi. “birinci iddia tamamilə əsassızdır. Təsisçilər barədə məlumatların qeyri-dəqiq idisə, təşkilat ümumiyyətlə qeydiyyata alınmalı deyildi. Qeydiyyatı bu cür aparan şəxslər cəzalanmalıdır. İkincisi, hüquqi ünvanın dəyişdirilməsi ilə bağlı iddia isə əhəmiyyətli pozuntu sayıla bilməz. Əgər belə pozuntu olardısa Ədliyyə Nazirliyi sadəcə irad tutmalı idi. Üçüncü iddia isə bütünlüklə Ədliyyə Nazirliyinin öz günahıdır. Çünki qanunda da göstərilir ki, hər hansı bir pozuntuya yol verildikdə ən azı 2 dəfə xəbərdarlıq edilməlidir. Qanunun dərhal icraya yönəlməsi haqqında çıxarılan qərar da tamamilə qanunsuzdur. Qanunda da göstərilir ki,  dərhal icraya yönəlmə haqqında qərar istisna hallarda yol veriləndir.” 
  RATİ-nin sədri Emin Hüseynov da tədbir zamanı çıxış etdi: “Biz özümüz söz azadlığı ilə məşğul olan təşkilatıq. Bu məhkəmə bizim üçün də çox maraqlı oldu. Biz məhkəmədə iştirak etdik. İmkan dairəsində məhkəmədə çəkiliş apardıq. Audio stenoqramları yaza bildik. Bu məsələ bizə ona görə maraqlı idi ki, Seçki Monitorinq Mərkəzi bizim üçün seçkilər, seçkilərin nəticələri barədə alternativ informasiya mərkəzidir. Bu təşkilatın rəsmi qeydiyyatı olsa bu təşkilat rəsmi informasiya mənbəyi sayılacaqdır. Hal-hazırda bu qeydiyyatı ləğv ediblər. Bir sıra KİV-lər seçkilərlə bağlı rəsmi informasiyadan məhrum olacaqlar. Ona görə də biz bu məsələyə qatıldıq”.

Previous Post

JURNALİSTLƏR ÜÇÜN MƏRKƏZ YARADILACAQ

Next Post

QƏNİMƏT ZAHİDOV AQİL XƏLİLLƏ BAĞLI HADİSƏLƏRDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.