VAXTİLƏ BAŞINDAN TRAVMA ALAN JURNALİSTİN GÖRMƏSİNDƏ PROBLEM YARANIB

2010-cu il iyul ayının 28-də nəqliyyat naziri Ziya Məmmədovun villasının fotosunu çəkən zaman fiziki təzyiqə məruz qalan  “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun gözlərində ciddi problemlər yaranıb.

Bu barədə bu gün (9 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

E. Bədəlovun sözlərinə görə,  gözlərinin zəifləməsi ilə bağlı Ankara Tibb Mərkəzindən  həkim rəyi də var: “Döyülən zaman başımı üç dəfə asfalta vurmuşdular. Həmin vaxt ekspertiza sənədlərində də başımdan travma aldığım yazılmışdı. Əvvəllər bunu o qədər də ciddiyə almadım. Ancaq zaman keçdikcə bunun fəsadları əmələ gəldi. Artıq gözlərim uzağı görmür. Bu günlərdə həkim müayinəsinə getdim. Sağ gözüm 30, sol gözüm 40 faiz görür. Həkimlər deyir ki, müalicə olunmasam, gözlərim tamamilə tutula bilər. Gözlərimdəki zəifləməni travma ilə əlaqələndirirlər. Artıq beş gündür ki, gözlərimə şüa verirlər”,  – deyə jurnalist qeyd etdi.

Xatırladaq ki,  2010-cu il iyulun 28-də Şüvəlan qəsəbəsində varlılar məhəlləsindən reportaj hazırlayarkən jurnalistlər – “Yeni Müsavat” qəzetinin  əməkdaşı E.Bədəlov, həmçinin  “Milli yol” və Poliqon informasiya agentliyinin redaktor müavini Anar Gəraylı fiziki təzyiqə məruz qalmışdı. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

SİYASİ MƏHBUSLAR MÜSTƏQİL VƏ MÜXALİFƏT QƏZETLƏRİNİN ONLARA VERİLMƏDİYİNİ BİLDİRİRLƏR

Next Post

MEHMAN ƏLİYEV VƏ “KÜR” QƏRARGAHI ÜZVLƏRİ SAAT YARIM POLİSDƏ SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.