Bu barədə Repartyorların Azadlıq və Təhlükəsizlik İnstituna (RATİ) “Təzadlar”qəzetinin baş redaktoru Asif Mərzili məlumat verib: “Elşad Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı 2008-ci ilin avqustunda “Təzadlar” qəzetində dərc olunmuş araşdırma yazılarına görə, 2008-ci ilin oktyabrında Cinayət Məcəlləsinin (CM)147.2 və 148-ci maddələrinə əsasən, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İddiada “Təzadlar” qəzetinin bağlanması, baş redaktorun həbsi və 30 min manat təzminat tələb edilir.”
A.Mərzili əlavə etdi ki, noyabrın 26-da Yasamal rayon məhkəməsində Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçı tərəf iddiaya səbəb olmuş məqalələrdə təhqir elementlərinin olub-olmamasını aşkarlamaq üçün, həmin məqalələrin ekspertizaya göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və ekspertizanın cavabı verilənə qədər “Təzadlar” qəzetində iddiaya səbəb olmuş mövzu ilə bağlı yeni məqalələrin yazılmaması barədə məhkəmə qərar verib.
“Mahir Abdullayevin itkin düşməsi ilə bağlı 2003-cü ildən bəri mətbuatda xəbərlər dərc olunur. “Təzadlar” qəzetindəki yazılar bu hadisə ilə məşğul olan hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və yazılarda heç bir təhqir və böhtana yol verməmişik” – deyə, A.Mərzili qeyd etdi.
Məsələ ilə bağlı Elşad Abdullayevin mövqeyini öyrənmək üçün iddiaçı tərəflə əlaqə saxladıq. ABU-nun mətbuat xidmətinin əməkdaşı Abbas Rüstəmov bildirdi ki, Elşad Abdullayev “Təzadlar”qəzetinin baş redaktoru A.Mərzili barəsində xüsusi ittiham qaydasında deyil, mülki qaydada məhkəməyə müraciət edib. Səbəb olaraq isə yazılan məqalələrdə şərəf və ləyaqətin təhqir olunmasını göstərdi və başqa heç bir məlumat verə bilməyəcəyini vurğuladı.