RAMİL USUBOVUN LEYLA YUNUSA QARŞI İDDİASI YASAMAL RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

yanvar 26th, 2009
Bu gün (26 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru  Leyla Yunusa qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası davam etdi.

Hakim əvvəlki iclasda cavabdeh tərəfin qaldırdığı vəsatətin qismən təmin edilməsi ilə bağlı qərarı elan etdi. Belə ki, daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru  Leyla Yunusa qarşı qaldırdığı iddianın Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərar verildi.
Məhkəmə prosesində iddiaçı tərəfi vəkil Əlirza Həbilov, cavabdeh tərəfi isə vəkil İsaxan Aşurov təmsil edirdi.
Qeyd edək ki, iddia ilə bağlı yanvarın 23-də keçirilən hazırlıq iclasında cavabdeh tərəfin vəkili  İsaxan Aşurov iddia ərizəsində Leyla Yunusun qeydiyyat ünvanının səhv göstərildiyini bildirərək, iddianın aidiyyəti üzrə məhkəməyə təqdim olunması üçün ərizəçiyə qaytarılması barədə məhkəmə qarşısında vəsatət qaldırmışdı.
Xatırladaq ki, R. Usubov ötən il dekabrın 3-də hüquq müdafiəçisi  Leyla Yunusun “day.az saytına verdiyi müsahibədə Daxili İşlər Nazirliyinə böhtan atdığını əsas gətirərək, Nəsimi rayon Məhkəməsinə  müraciət etmişdi. Nazir hüquq müdafiəçisinin "polisin işgüzar nüfuzuna xələl gətirən” müsahibəsi ilə bağlı təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min AZN cərimə edilməsini tələb edir.