EMİN HÜSEYNOVUN İŞİ NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ QAYTARILDI

Bu gün (22 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi rayon Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfin vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən isə yalnız Daxili İşlər Nazirliyinin nümayəndəsi Fərhad Əzimov iştirak edirdi.
Proses zamanı  Fərhad Əzimov çıxış edərək bildirdi ki, “Alaturka” restoranında kubalı inqilabçı Ernesto Çe Gevaranın 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbir zamanı baş vermiş səs-küydən  ətrafda yaşayan vətəndaşlar narahat olublar və vətəndaşların şikayəti əsasında polis əməkdaşları hadisə yerinə gəliblər. Onun sözlərinə görə,  polis əməkdaşları tədbir iştirakçılarına, eləcə də Emin Hüseynova  heç bir təzyiq göstərmədən, sadəcə onların üstündə şəxsiyyət vəsiqələrinin olub-olmamağını yoxlayaraq hamını sərbəst buraxıb.
Amma hakim Mədinə Bağırova  işi icraata qəbul etdiyini və baxılması üçün yenidən Nəsimi rayon Məhkəməsinə göndərilməsi haqqında qərar verdi.
Qeyd edək ki, noyabrın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında hakim Ələsgər Əliyevin sədrliyi ilə E. Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilmişdi. Ali Məhkəmə E. Hüseynovun iddiasını qismən təmin etmişdi. Belə ki, Apellyasiya məhkəməsinin qərarını ləğv edərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxartmışdı.
Xatırladaq ki, E Hüseynov iyunun 14-də “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, habelə 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticədə huşunu itirən Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALLAŞIB

Next Post

REKTORUN QƏZETƏ VƏ JURNALİSTLƏRƏ QARŞI QALDIRDIĞI TƏKRAR İDDİA DA RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.