EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

iyul 10th, 2009
Bu gün (10 iyul) Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işinin açılması barədə qərar verib. Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunub. Ancaq onlar  prosesdə iştirak etməyiblər.

Qeyd edək ki, Emin Milli və Adnan Hacızadəyə saat təxminən 18.00-da qolları qandallanmış vəziyyətdə məhkəməyə gətirilsələr də, qərar saat 22.00-da verilib. Qapalı keçirilən iclasa yalnız Emin Millinin vəkili Elton Quliyev və Adnan Hacızadənin vəkili İsaxan Aşurov buraxılıblar. Hadisə ilə əlaqədar gəlmiş jurnalistlər, hüquq müdafiəçiləri və gənclərin yaxınları isə bağlı məhkəmə binasının qarşısında gözləyiblər və məhkəmə bitənədək heç bir məlumat verilməyib. Hadisəni işıqlandırmaq istəyən jurnalistlərə polis olduqları ehtimal olunan mülki geyimli şəxslər tərəfindən fiziki təzyiq göstərilib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Livan” restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermişdi.