REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milliyə 2 il 6 ay  (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin 2 il həbs cəzası məhkum edildiyinə görə  Azərbaycan  hökumətini qınayır  və bu hökmün Azərbaycan hökumətinin siyasi sifarişi əsasında çıxarıldığını bəyan edir.

Belə ki, bu gün (11 noyabr) Səbail rayon Məhkəməsinin hakimi Araz Hüseynov gənc bloqçuları onlara qarşı  xuliqanlıq maddəsi ilə  irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək, həbs olunmaları barədə hökm çıxarıb.

RATİ bəyan edir ki , gənclər “xuliqanlıq”da ittiham olunaraq həbs edilsələr də, əslində onlar internetdə hakimiyyəti tənqid edən materiallar yerləşdirdiklərinə görə şərləniblər. Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində təxribata çəkilməklə döyülərək xəsarət alıblar. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin barəsində isə həbs-qətimkan tədbiri seçilərək, barələrində cinayət işi başlanmışdır. Xəsarət almış gənclər polisdə saxlanılarkən onlara zəruri tibbi yardım göstərilməmiş və vəkilləri ilə görüşmələrinə imkan verilməmişdir. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi ciddi hüquq pozuntuları və qanuna zidd hərəkətlərlə aparılmış və istintaqın gedişində gənclərə qarşı daha bir saxta ittiham – CM-in  127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaqdan başlayaraq, məhkəmənin hökmünə qədər bütün mərhələlər qanun pozuntuları ilə müşahidə olunmuş və gənclərin təqsirsiz olmaları və şərlənərək sifarişli həbsə məruz qalmaları aşkar olunmuşdur.

RATİ hesab edir ki, gənclərin uzun müddətli həbs cəzasına məhkum olunmaları , internetdə və adi həyatda alternativ və demokratik  fikirli gənc fəalların gözünü qorxutmaq məqsədini daşıyır. Həmçinin  qarşıdan gələn 2009 ilin bələdiyyə seçkilərinin və Azərbaycanın ictimai siyasi  həyatında çox önəmli olacaq 2010 il parlament seçkiləri ərəfəsində Azərbaycanda bütün alternativ fikir daşıyıcıların yeni media vasitələri ilə hakimiyyəti tənqid etməkdən çəkindirmək məqsədinin daşıyır.

 RATİ Azərbaycan hakimiyyətinə xatırladır ki, Azərbaycan bir dövlət olaraq üzərinə ifadə azadlığı və insan hüquqları təmin etməklə bağlı öhdəlik götürüb. Azərbaycan bu sahəsində çoxsaylı beynəlxalq saziş və sənədlərə qoşulub. Demokratik düşüncəli insanları bu cür zindanlara ataraq Azərbaycan iqtidarı Azərbaycanın beynəlxalq imicinə xələl gətirərək beynəlxalq arenada Azərbaycanın milli maraqlarını günü gündən zəiflədir. RATİ bir daha Azərbaycan hakimiyyətini həbs olunmuş gənclər barəsində çıxarılmış siyasi sifarişli hökmü dərhal ləğv etməyə və onları dərhal azadlığa buraxmağa çağırır. RATİ həmçinin Azərbaycan hökumətini siyasi sifariş əsasında həbs olunmuş digər 5 jurnalisti – (Eynulla Fətullayevi, Qənimət Zahidovu, Müşfiq Hüseynovu, Fərəməz Allahverdiyevi və Sərdar Əlibəylini ) dərhal azadlığa buraxmağı çağırır.

RATİ beynəlxalq ictimaiyyətə üzünü tutaraq Azərbaycan hökumətindən ifadə azadlığına və digər insan hüquqlara hörmətlə yanaşmağı və bu sahədə üzərilərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.

Previous Post

EMİN MİLLİYƏ 2 İL 6 AY, ADNAN HACIZADƏYƏ İSƏ 2 İL HƏBS CƏZASI VERİLDİ

Next Post

MİRZƏ SAKİT QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.