“Azadlıq” qəzetinin vəziyyəti diplomatlarla müzakirə olunub

İyulun 15-də “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində Qərb ölkələrinin diplomatları və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşüb. Görüşdə Avropa Birliyi və ATƏT-in Bakı ofislərinin, Almaniya, Böyük Britaniya, Fransa səfirliklərinin və ABŞ-ın USAİD təşkilatının təmsilçiləri iştirak ediblər.

Tədbirin müzakirə obyekti əsasən “Azadlıq” qəzetinin üzləşdiyi maliyyə çətinlikləri və qəzetə təzyiqlər olub.

“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev  görüş iştirakçılarının nəzərinə “Qasid” yayım firmasının qəzetə borcunu ödəməməsi nəticəsində “Azərbaycan” nəşriyyatı ilə redaksiya arasında yaranmış böhranlı vəziyyəti çatdırıb.

R. Hacıyev RATİ-yə bildirib ki,  təəssüflər olsun ki, “Azərbaycan” nəşriyyatına olan pulu ödəmə imkanı əldə edə bilməmişik.

“Azadlıq qəzeti iyulun 16-da köşklərə çıxacaq. Amma vəziyyət ciddi olaraq qalır. “Azərbaycan” nəşriyyatı borcun ödənməsi tələbində israr edir, biz də söz veririk ki, bu həftə qismən ödəniş olacaq. Hərçənd belə imkan yoxdur, amma səylərimizi davam etdirəcəyik”, deyə Hacıyev  əlavə  edib.

 Xatırladaq ki, iyulun 2-də “Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə xəbərdarlıq məktubu göndərərək, 20 min manata yaxın borcunu ödəməsə, çapı dayandıracağını bildirib. Nəşriyyat xəbərdarlıq məktubunda, “Azadlıq” qəzeti ilə nəşriyyat arasında bağlanmış müqavilələrə əsasən 1 iyul 2013-cü ilədək redaksiyanın nəşriyyata çap xərclərinə görə 17 271 manat, kommunal xərclərə görə 2 666,80 manat, cəmi isə 19 937,80 manat debitor borcun  yarandığı qeyd edib.

Qeyd edək ki,  “Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən gündəlik olaraq  çıxır.

Previous Post

Avropa Məhkəməsi Emin Hüseynovun işi üzrə hökumətə suallar göndərib

Next Post

Ölkə vətəndaşları prezidenti Hilal Məmmədovu azad etməyə çağırıblar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.