MƏLUMAT ƏLDƏ ETMƏK HÜQUQU İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Bu gün (17 mart) Ədliyyə Akademiyasında “Hakimlər, prokurorlar, jurnalistlər və ictimaiyyətin məlumat əldə etmək hüququ” mövzusunda tədbir keçirilib. 

ABŞ Ədliyyə Departamentinin məsləhətçisi Barbara Svann tərəfindən aparılan tədbirdə hakimlər, prokurorluq əməkdaşları, jurnalistlər iştirak edirdi.
Svann öz məruzəsində jurnalistlərin demokratik dəyişikliklərdə olduqca böyük rol oynadıqlarını və əslində hakimlərin və prokurorların jurnalistlərlə əməkdaşlığa meyl göstərmələrinin vacib olduğunu bildirdi. ABŞ-da mövcud olan, həmçinin digər beynəlxalq standartlar və təcrübə ilə bağlı məlumat verən məruzəçi prokurorluq orqanlarından və məhkəmələrdən məlumatların alınması, məhkəmə zallarından televiziya yayımının həyata keçirilməsi, bu sahəni tənzimləyən qanunvericiliyin müddəaları kimi məsələlərə toxunmuş, tədbir iştirakçılarının bu məsələlərlə bağlı fikirlərini soruşmuşdur.
    Baş Prokurorluğun nümayəndəsi Mahir Tağıyev Baş Prokurorluqda mətbuat xidmətinin fəaliyyət göstərdiyini, bu işlə məşğul olan ayrıca strukturun yaradıldığını, eyni zamanda müxtəlif prokurorluq orqanlarında mətbuatla əlaqələrə cavabdeh olan şəxslərin müəyyənləşdirilərək, onların adlarının və əlaqə vasitələrinin mətbuatda dərc edildiyini bildirdi. Tağıyev 24 saat ərzində fəaliyyət göstərən “Qaynar xətt” və Baş Prokurorluğun saytı vasitəsilə də jurnalistlərin müəyyən məlumatlar əldə etmək üçün müraciət etmə imkanlarının olduğunu əlavə etdi.
    “Amerikanın səsi” radiosunun Bakı xidmətinin rəhbəri Tapdıq Fərhadoğlu tədbirdə media kapitanlarının iştirak etməməsini mənfi hal kimi qiymətləndirərək, əslində, bu cür tədbirlərdə onların iştirakının vacib olduğunu qeyd etdi. Fərhadoğlu son dövrlərdə prokurorluq orqanlarından məlumatların alınmasında müəyyən irəliləyişlərin olduğunu desə də, bunu məhkəmələrə aid edə bilmədiyini əlavə etdi. O bildirdi ki, məhkəmələrdən məlumatların alınması üçün müraciət ediləcək şəxslər məlum olmadığına görə, bu sistem ilə işləmək olduqca çətindir.  
    Məhkəmə zallarından birbaşa yayımla bağlı məsələ müzakirələrə səbəb oldu. Bəzi hakimlər və prokurorluq əməkdaşları bunun yolverilməz olduğunu bildirsələr də, onların digər həmkarları bəzi proseslərin ictimai xarakterini, cəzanın ümumi məqsədinə nail olmağın vacibliyini vurğulayaraq, əslində birbaşa yayımın məqsədəmüvafiq olduğunu qeyd etdilər.  
 
Previous Post

AZƏRBAYCAN TELEKANALLARINDA APARICILARIN PEŞƏKARLIĞI İLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN AÇIQLAMASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.