MEDİA HÜQUQU İNSTİTUTUNUN AÇIQLAMASI

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb, ona “Yeni Müsavat” qəzetində həbsdə olan tanınmış tənqidçi jurnalist Eynulla Fətullayevin barəsində getmiş yazılara görə xəbərdarlıqlar edilib.

R.Arifoğlu deyib: “Xüsusi xidmət orqanı təmsilçiləri mənə təzyiq edərək dedilər ki, bu mövzunu davam etdirməyim, çünki jurnalist yazıları MTN-i nüfuzdan salır və Elmar Hüseynovun qətlinin üstünü açmağa mane olur”. Eynulla Fətullayevun Bakı Apellyasiya Məhkəməsinə yazdığı şikayət ərizəsinin bəzi hissələrini, o cümlədən 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovla bağlı hissələrini dərc etmiş “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də MTN-ə çağırılıb.
Mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasına töhfə verə biləcək mühüm məlumatların alınması üçün tanınmış redaktorların sorğu-sual edilməsi hüquqi baxımdan yolverilə bilən olsa da, bunun edilmə üsulu, eləcə də R.Arifoğlunun bildirdiyi kimi, nəyi çap edib-etməmək kimi “intonasiyalı məsləhətlər”lə müşayiət olunması ifadə azadlığına müdaxilə hesab edilməlidir.
Bu hadisəni şərh edən Media Hüququ İnstitutunun direktoru R.Hacılı bildirib: “Bütün dövlət qurumları, xüsusilə Milli Təhlükəsizlik Nazirliyi kimi böyük gücə malik dövlət orqanı tanınmış tənqidçi media qurumlarının ifadə azadlığı hüquqlarından yararlanmasını, o cümlədən, hətta ən mühüm dövlət qurumlarının və mühüm vəzifəli şəxslərin işini kəskin tənqid edən məlumatları  sərbəst yaymasını əngəlləyə biləcək addımlar atmaqdan çəkinməlidir. Bu demokratik toplumda medianın çox mühüm rolunu səmərəli yerinə yetirməsinə ciddi zərər vura bilər.”
Bu hadisədən dərin narahatlıq keçirən Media Hüququ İnstitutu ifadə azadlığına qorxu yaradan belə addımlardan çəkinməyə çağırır.

Previous Post

MƏLUMAT ƏLDƏ ETMƏK HÜQUQU İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Next Post

HƏBSDƏ OLAN BAŞ REDAKTORUN AİLƏSİ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.