“Gündəlik Azərbaycan” və “Realnıy Azerbadjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin narkotik maddə istifadəçisi olub-olmadığını aşkarlamaq üçün 29 dekabr 2009-cu ildə götürülən qan analizlərinin nəticələri məlum olub. Bu barədə xəbəri APA yayıb.
Məsələ ilə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Arif Zahidovla əlaqə saxlasa da o, istintaq sirri olduğunu bildirərək, hər hansı bir açıqlama verməkdən imtina edib. E.Fətullayevin vəkili İsaxan Aşurov RATİ-yə bu barədə heç bir məlumata malik olmadığını bildirib.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.