EYNULLA FƏTULLAYEV “İNSAN HÜQUQLARI UĞRUNDA” İCTİMAİ HƏRƏKAT YARATDI

Bu gün (26 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində jurnalist, keçmiş siyasi məhbus Eynulla Fətullayev “İnsan Haqları Uğrunda” İctimai Hərəkat yaratması ilə bağlı mətbuat konfransı keçirdi.  E.Fətullayev təşkilatın yaradılma məqsədləri ilə tədbir iştirakçılarını məlumatlandırdı.

Jurnalist qeyd etdi ki, belə bir hərəkatı yaratmaq barədə fikrə bir hərbiçinin ailəsinin onunla söhbətindən sonra  gəlib: “Bir neçə gün öncə bütün prosedur qaydalar pozulmaqla MTN tərəfindən həbs edilən və ailəsi tərəfindən sadəcə itkin düşmüş hesab edilən bir hərbiçinin qohumu mənə kömək üçün müraciət etdi.  Gün ərzində mənə bu kimi çoxsaylı müraciətlər edilir. Məhz bu da məndə belə bir ideya yaratdı ki, haqları, hüquqları pozularaq tapdalanmış şəxslərin hüquqlarının qorunması məqsədi daşıyan bir hərəkat təsis edək. Mən artıq müvafiq sənədləri hazırlayaraq  Ədliyyə Nazirliyinə, eləcə də sürətlərini Avropa Şurasına göndərmişəm. Bütün haqları pozulan şəxsləri bu  hərəkata qoşulmağa çağırıram”, – deyə bildirən Fətullayev artıq hərəkat üçün ofis də kirayələdiklərini bildirdi.

Habelə  Fətullayev onu da qeyd etdi ki, o yalnız insan hüquqlarının müdafiəsi ilə deyil jurnalistika ilə də məşğul olacaq. Bu məsələnin icrasına “xüsusi bölgə” sayılan Naxçıvandan başlamağı nəzərdə tutduqlarını və jurnalist İdrak Abbasovla birgə yaxın həftələrdə Naxçıvana səfər etməyi qərara aldıqlarını bildirdi. Habelə o, “Realnıy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin də yaxın gələcəkdə fəaliyyətə başlamağı üçün ciddi işlərin getdiyini dedi.

“Qəzetlərin fəaliyyətini yenidən canlandırmaq məqsədi ilə 5 böyük donor təşkilatla danışıqlar gedir və ilkin fəaliyyətimiz üçün maliyyənin ayrılacağı gözlənilir”, –  deyə E. Fətullayev qeyd etdi.

Habelə o Böyük Britaniyada fəaliyyət göstərən və üzvü olduğu  “PEN-klub”dan dəvət aldığını və dəvəti bu yaxınlarda reallaşdıracağını deyib. Britaniyaya səfəri çərçivəsində görüşlərdə Azərbaycanda insan haqları, siyasi məhbuslar  və sair kimi problemləri diqqətdə saxlayacağını vurğulayıb. O, “PEN-klub”un bu günlərdə nəşrdən çıxan “PEN-klub yazarları 50 ildə”  kitabında dünyanın tanınmış siyasi dissidentləri sırasına adının Azərbaycan dissidenti kimi onun da adının salındığını qeyd edib.

Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən edib.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.  Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.
            Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmamışdı. 26 may 2011-ci ildə Eynulla Fətullayev dövlət başçısının əfv fərmanına əsasən azadlığa buraxılıb.

 

 

Previous Post

BULVARDA FOTO VƏ VİDEO ÇƏKİLİŞ ABSURD ŞƏKİLDƏ YASAQ EDİLİR

Next Post

NEMƏT PƏNAHLININ HƏYATINA SUİ-QƏSD CƏHDİ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.