EYNULLA FƏTULLAYEV AVROPA ÖLKƏLƏRİNDƏN ONA GƏLƏN DƏSTƏK MƏKTUBLARINI ALA BİLMİR

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev  Avropa ölkələrindən gələn dəstək məktublarını ala bilmir.

Bu barədə bu gün (28 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məhbus jurnalistin atası Emin Fətullayev məlumat verib.  Onun sözlərinə görə, baş redaktor dörd  aydır ki, heç bir məktub almayıb:
“Çox qəribədir ki, yeşik-yeşik gələn məktublar hara yoxa çıxıb? Mən “Amnesty İnternational” təşkilatının Azərbaycan üzrə təmsilçisi Natalya Nosadze ilə əlaqə saxladım və o mənə köhnə qaydada Eynullaya dünyanın hər yanından dəstək məktublarının göndərildiyini bildirdi. Bəs hanı göndərilən məktublar?” – deyə Emin Fətullayev  qeyd etdi.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə  RATİ-yə bildirdilər  ki,  Eynulla Fətullayevə gələn bütün məktublar  özünə çatdırılır.
Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.
Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Azərbaycan hökuməti Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib.
  Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yolu ilə  onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
 Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

DEPUTATLIĞA NAMİZƏD SEÇKİ PROSESİNDƏ ÜZLƏŞDİYİ PROBLEMLƏRLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

ATƏT HAKİMİYYƏTİ SEÇKİLƏRİN DEMOKRATİKLİYİNİ TƏMİN ETMƏYƏ ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.