“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün ( 18 yanvar) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Mozalan” jurnalının baş redaktoru Mövsüm Əşrəfoğlunun (Mövsümov) Mətbuat Şurasına qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi. 

Prosesdə iddiaçı M.Əşrəfoğlu və cavabdeh tərəfdən  MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
M.Əşrəfoğlu çıxışında bildirdi ki, Mətbuat Şurasının jurnalı “reket” elan etməsi ilə bağlı qərar tam qanunsuzdur. O qeyd etdi ki, oktyabrın 7-də Aida Şahverdiyeva adlı qadın Qasımov adına doğum evinin genekoloq  həkimi Arzu Əliyevanın peşə etikasına aid olmayan hərəkətlərə yol verməsi barədə jurnalın redaksiyasına yazılı müraciət edib. Aparılan araşdırmalar əsasında jurnalda bu barədə material yazıldığını deyən baş redaktor onu da bildirdi ki, yazılan material faktlara əsaslanaraq yazılıb və bu yazıya görə jurnalın “reket” elan olunması tam əsassızdır.
Şahid qismində ifadə verən “Mozalan” jurnalının şöbə müdiri Validə Quliyeva 7 oktyabr 2009-cu il tarixində A. Şahverdiyeva adlı qadının həqiqətən redaksiyaya müraciət etdiyini təsdiqlədi.
MŞ-nın nümayəndəsi Ş. Əliyev iddia ərizəsində göstərilən tələblərin rədd edilməsini məhkəmədən xahiş edərək, Arzu Əliyevanın şahid qismində ifadə verməsi üçün vəsatət qaldırdı.
M. Əşrəfoğlu da vəsatətlə çıxış edərək, A. Şahverdiyevanın şahid qismində məhkəməyə çağrılmasını istədi.
Hakim Ş. Məmmədova vəsatətləri təmin edərək prosesi 10 fevral saat 11:00-a təyin etdi.

Xatırladaq ki, Mətbuat Şurası “Mozalan” jurnalını “reket” elan etdiyinə görə, baş redaktor məhkəməyə müraciət edərək, 50 min manat maddi təzminat ödənilməsi və Mətbuat Şurasının çıxardığı bu qərara görə təkzib verərək üzr istəməsini istəyib.

Qeyd edək ki, “Mozalan” satirik jurnalı 2005-ci ildə təsis olunub və 2007-ci ildən etibarən aylıq dərc olunur.

Previous Post

EYNULLA FƏTULLAYEV PROKURORLUĞA İFADƏ VERİB

Next Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.