GÜRCÜSTAN PROKURORLUĞU ELMAR HÜSEYNOVUN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXSLƏRİN AZƏRBAYCANA VERİLMƏMƏSİNƏ

Gürcüstanın Baş Prokurorluğu “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanovun Azərbaycana təhvil verilməsi xahişinin rədd edildiyini təsdiqləyib.

Martın 11-də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru Nana Rapava “Media forum” saytına açıqlamasında deyib ki, həqiqətən Azərbaycan tərəfi T.Əliyev və T.Xubanovun təhvil verilməsi xahişi ilə Gürcüstan tərəfinə dəfələrlə müraciət edib: “Ancaq bizim ölkəmizin konstitusiyası Gürcüstan vətəndaşlarının başqa ölkəyə təhvil verilməsini qadağan edir. Ona görə də biz Azərbaycan tərəfinin xahişinə əməl edə bilməmişik”.
 “Azərbaycanla Gürcüstan arasında qarşılıqlı hüquqi yardım haqda müqavilə varmı?” sualına N.Rapava müsbət cavab versə də, vurğulayıb ki, T.Əliyev və T.Xubanov Gürcüstan vətəndaşlarıdır, konstitusiya onların xarici ölkəyə təhvil verilməsini yasaq edir: “Buna gör də biz onların təhvil verilməsindən imtina etmişik”.
T.Əliyev və T.Xubanovun hazırda Gürcüstan ərazisində olub-olmamasına gəlincə, N.Rapava deyib ki, onun bu suala cavab verməyə səlahiyyəti çatmır, belə sualı Daxili İşlər Nazirliyi cavablandıra bilər.
Qeyd edək ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır. Azərbaycan hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun Gürcüstanda gizləndiklərini bildirir.

Previous Post

ATƏT-İN SÖZ VƏ MEDİA AZADLIĞI ÜZRƏ YENİ NÜMAYƏNDƏSİ TƏYİN OLUNUB

Next Post

EYNULLA FƏTULLAYEV ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI YENİ AÇIQLAMALAR VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.