VƏKİLLƏRİ JURNALİSTİN HƏYATININ TƏHLÜKƏ OLDUĞUNA GÖRƏ NÖVBƏTİ DƏFƏ XƏBƏRDARLIQLARINI ETDİLƏR

1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həyatına ciddi təhlükə var. Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) martın 10-da Eynulla Fətullayevlə görüşən vəkili Rəşid Hacılı məlumat verib.

  Rəşid Hacılı bildirdi ki, Eynulla Fətullayev  karserdə (cərimə kamerası) saxlanılır və buna baxmayaraq onun həyatına təhlükə var.

“Eynulla Fətullayevin həmin müəssisəyə göndərilməməyi ilə bağlı müraciətlərinə baxmayaraq Pentensiar Xidmət Eynulla Fətullayevi məhz 1 saylı cəzaçəkmə müəssisəsinə  köçürüb və  bu da biz vəkilləri çox qorxudur. Biz onun həyatından narahatıq. Eynulla öz istəyi ilə çox ağır bir şəraitdə, yəni  karserdə saxlanılır. Eynulla Fətullayevi 1 saylı cəzaçəkmə müəssisəsinə köçürən Pentensiar Xidmət istənilən vaxt Eynullanı karserdən çıxardıb, onun həyatı üçün real təhlükə törədə biləcək məhkumların yanına göndərə bilər. Pentensiar Xidmət nə üçün Eynulla Fətullayevi 9 saylı cəzaçəkmə müəssisinə köçürmə səbəbləri barədə məlumat vermir?”, -deyə Rəşid Hacılı qeyd edib.

            Hacılı onu da əlavə etdi ki, Eynulla Fətullayev həyatının təhlükəsizliyini təmin etmək üçün karserdə saxlanılmasını istəyib, lakin karserdə saxlanılması Eynullanın həm də sağlamlığı üçün təhlükəlidir.

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

Previous Post

VƏKİLİNƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞ VERİLMƏYİB

Next Post

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRAR QƏBUL EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.