EYNULLA FƏTULLAYEV SÖZ AZADLIĞINI MÜDAFİƏ KOMİTƏSİ YARADILMASINI TƏKLİF EDİR

Avqustun 8-də Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.
Emin Fətullayev onu da bildirdi ki, baş redaktor söz azadlığı ilə bağlı vəziyyətin kritik olduğunu vurğulayaraq, Söz Azadlığını Müdafiə Komitəsinin yaradılması ilə bağlı məsələnin ictimai müzakirəyə çıxarılması ilə bağlı “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğluna müraciət edib:
“Eynulla bildirdi ki, söz azadlığı sahəsində fəaliyyət göstərən və bu sahədə azadlıqlarına məhdudiyyət qoyulan şəxslərin  hüquqlarını müdafiə edən bir təşkilatın olmasına ehtiyac var.”
  “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bununla bağlı RATİ-yə açıqlamasında bildirib ki, Eynulla Fətullayevin təklifi ciddi müzakirə olunacaq.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

VERONİKA KOTEK NOVRUZƏLİ MƏMMƏDOVA BAŞ ÇƏKİB

Next Post

NAXÇIVANDA MƏTBUATA AÇIQLAMA VERƏN DEPUTATA QARŞI TƏZYİQLƏR GÜCLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.