NAXÇIVANDA MƏTBUATA AÇIQLAMA VERƏN DEPUTATA QARŞI TƏZYİQLƏR GÜCLƏNİB

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayon Cəhri kənd bələdiyyəsinin sədri və Naxçıvan MR Ali Məclisinin üzvü Zahid  İsmayılova qarşı yaşadığı kənd ərazisində  əkin sahələrinin suvarılmasında və kəndin digər sosial-iqtisadi problemləri barədə   mətbuata verdiyi açıqlamadan sonra təzyiqlər davam edir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirlərinə Zahid  İsmayılovun özü məlumat verib.
Belə ki,  avqustun 7-də   Naxçıvan  televiziyasının ( NTV) saat 19.00-da efirə gedən  xəbərlər proqramında Muxtar Respublika  Daxili İşlər Nazirliyinin  İctimai Təhlükəsizlik İdarəsinin deputatla bağlı yaydığı məlumat səsləndirilib. Məlumatda Z. İsmayılovun qumarbaz olduğu və Cəhri kəndində yeməkxana kimi istifadə etdiyi mal-qara tövləsində vətəndaşları qumar oynamağa sövq etdiyi bildirilib.
 Zahid İsmayılov isə RATİ-nin Naxçıvandakı müxbirlərinə MR DİN-nin İctimai Təhlükəsizlik İdarəsinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyib.
“Bu, Babək rayon İcra Hakimiyyəti başçısının qurmasıdır. Məni qumar oynayanda tutmayıblar. Bu haqda məndən heç kim heç nə soruşmayıb və bu barədə heç bir izahat verməmişəm. Bələdiyyənin binasında isə bütün gün ərzində polisin post patrul xidmətinin 2 nəfər əməkdaşı və kənd icra nümayəndəsi oturur. Əgər orada qumar oynamışıqsa, bəs onlar bu günə qədər haraya baxırdılar? Belə çıxır ki, onlar da mənimlə birlikdə qumar oynayıblar”  – deyən Z.İsmayılov kəndin sosial-iqtisadi problemləri barədə mətbuata məlumat verdiyi üçün təzyiqlərlə üzləşdiyini bir daha qeyd etdi.
Xatırladaq ki, Z. İsmayılov bir müddət əvvəl bələdiyyə səlahiyyətləri əlindən alındığı və bu səbəbdən kəndin heç bir problemini həll edə bilmədiyi üçün bələdiyyə sədrliyinə aid vəsiqə, möhür və ştamp ilə yanaşı, deputat mandatını da etiraz olaraq Babək rayon icra hakiminin üstünə atmışdı.

Previous Post

EYNULLA FƏTULLAYEV SÖZ AZADLIĞINI MÜDAFİƏ KOMİTƏSİ YARADILMASINI TƏKLİF EDİR

Next Post

İCRA HAKİMİYYƏTİ “YENİ MÜSAVAT” QƏZETİNİN SUYUNU KƏSİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.