EYNULLA FƏTULLAYEV DƏRHAL AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ ACLIQ AKSİYASINA BAŞLAYIB

 Həbsdə olan jurnalist Eynulla Fətullayev 19 oktyabr səhər saatlarından etibarən aclıq aksiyasına başlayıb.

Bu barədə  bu gün (19 oktyabr )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. O, qeyd edib ki, Eynulla Fətullayev açıq məktubla ədliyyə naziri Fikrət Məmmədova, Ali məhkəmənin sədri Ramiz Rzayevə, həmçinin Bakıda fəaliyyət göstərən beynəlxalq hüquq-müdafiə təşkilatlarına və diplomatik nümayəndəliklərə müraciət  edib.
     Fətullayev müraciətində bildirib ki, Azərbaycan hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə 22 aprel 2010-cu il tarixdə Avropa İnsan Haqları Məhkəməsi qərar verərək, Azərbaycanın da tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, habelə 10-cu maddədə təsbit olunmuş hüquqlarının pozulduğunu, eyni zamanda ifadə azadlığı hüququna hökumətin kobud müdaxiləsini müəyyən edib və  dərhal azadlığa buraxılmağını  tələb edib.
    “Azərbaycan hökuməti bu qərardan Böyük Palataya şikayət etsə də, Böyük Palatanın Komitəsi 4 oktyabr 2010-cu il tarixli qərarı ilə işin Böyük Palataya verilməsi haqqında Azərbaycan Hökumətinin müraciətini rədd edib” –deyə  müraciətdə qeyd olunub. “Sözügedən Konvensiyanın 44-cü maddəsinə görə, Avropa Məhkəməsinin çıxardığı qərar qətidir. Konvensiyanın 46-cı maddəsinə görə, qərarların razılığa gələn yüksək tərəflər üçün icrası məcburi səciyyə daşıdığından, mən qeyd-şərtsiz və dərhal azad olunmalıyam” – deyə Fətullayev vurğulayıb.  
    Müraciətdə jurnalist onu da bildirib ki, barəsində olan narkotik işi üzrə də müxtəlif hüquq pozuntularına yol verilib. “Barəmdə həbs-qətimkan tədbiri seçilməyib, Qaradağ rayon məhkəməsinin 6 iyul 2010-cu il tarixli hökmü isə qüvvəyə minməyib və eyni zamanda, Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilov öz hökmündə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2007-ci il tarixli hökmündən doğan hüquqi nəticələri tanımamaqla, Avropa İnsan Haqları Məhkəməsinin qərarını qismən icra etməklə mənim dərhal azad olunmağıma hüquqi zəmin yaratmış olur” – deyə Fətullayev bildirib.
    Jurnalist müraciətin sonunda dərhal azad edilməyini tələb edib və  bu məqsədlə aclıq aksiyasına başlayıb.

Previous Post

VALİDEYNLƏRİ GƏNC BLOGÇULARLA GÖRÜŞÜB

Next Post

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA HÖKUMƏTDƏN REAKSİYA GƏLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.