EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA HÖKUMƏTDƏN REAKSİYA GƏLDİ

Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarına hökumətdən reaksiya gəldi. “Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir” – deyə Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edən Xanlar Hacıyev “Azadlıq” radiosunun həbsdə olan jurnalist  Eynulla Fətullayevlə bağlı suala cavabında qeyd edib

 Avropa Məhkəməsinin Yuxarı Palatası jurnalistin dərhal azad olunması və ona 28 min avro təzminat ödənilməsi ilə bağlı qərardan şikayətçi düşən Azərbaycan hökumətinin iddiasını  bir neçə gün öncə rədd edib. Bununla da Avropa Məhkəməsi özünün birinci qərarını qüvvədə saxlayıb. Xanlar Hacıyev onu da qeyd edib ki, məhkəmə qərarı şərh edilə bilməz.
Bundan başqa Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli “Musavat” qəzetinə bildirib ki, adətən plenum rübdə bir dəfə çağırılır. Eynulla Fətullayevlə bağlı müraciətə də növbəti plenumda baxıla bilər. A. Məmmədli onu da əlavə edib ki, mühüm məsələlər olanda plenum tez, yəni vaxtından əvvəl  də çağırıla bilər, amma adətən iki- üç aydan bir olur.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
 Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır

 

Previous Post

EYNULLA FƏTULLAYEV DƏRHAL AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ ACLIQ AKSİYASINA BAŞLAYIB

Next Post

ABŞERON RAYONUNDA JURNALİSTƏ TƏZYİQ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.