EYNULLA FƏTULLAYEV YORĞUNLUĞUNA GÖRƏ MƏHKƏMƏYƏ GƏLƏ BİLMƏDİ

     Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə  “Gündəlik Azərbaycan” və ”Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Bakı şəhər Baş Prokurorluğuna qarşı iddiasına dair Səbael rayon Məhkəməsinin qərarından verdiyi  apellyasiya  şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi.     Şikayətçi Eynulla Fətullayev məhkəməyə ərizə yazaraq  prosesdə iştirak etməkdən imtina etdiyini, lakin növbəti məhkəmə proseslərində iştirak edəcəyini bildirib.

  Fətullayevin vəkili Elçin Sadıqov bildirdi ki, dünən Eynullanın apellyasiya məhkəməsi iş saatı bitdikdən sonra belə davam edib, buna görə də  o yorulub və  məhkəməyə gələ bilməyib.

            Vəkil bu səbəbdən prosesi təxirə salmağı xahiş etdi. Sadıqovun  xahişini nəzərə alan hakim prosesi 1 fevral saat 15:15-ə təyin etdi.

            Qeyd edək ki, yanvarın 25-də iş saatı bitdikdən sonra hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi ciddi qanun pozuntuları ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin  Qaradağ rayon Məhkəməsinin haqqında çıxardığı həbs qərardan verdiyi apellyasiya şikayətini rədd edən qərar verib.

 Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci iloktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Avropa Məhkəməsinin qərarını icra etmiş Ali Məhkəmənin Plenumu 20 aprel 2007-ci ildə Fətullayevə  təyin edilmiş 2 il 6 aylıq cəzanı ləğv edərək, cinayət işinin icraatına xitam verərək, Fətullayevi  dərhal azad olunmağımı qərara almışdır. Eyni zamanda 30 oktyabr 2007-ci ildə təyin olunmuş 8 il 3 aylıq cəzadan, üzərimdə yalnız 213.2.2-ci maddə ilə (vergi məsələsi) 3 aylıq cəzanı saxlamış, CM-nin 214.1 və 283.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam vermişdir. Ali Məhkəmənin Plenumu 30 oktyabr 2007-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ramil Usubovun iddiası ilə verilmiş  2 illik cəzasının 1 aya çevirdiyi qərarı təzədən 2 ilə qaytarıb, bunun üstünə də 3 ay (vergi məsələsi) əlavə edib və Fətullayevə  qəti olaraq 2 il 3 aylıq cəza təyin edib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb.

Previous Post

BƏXTİYAR HACIYEV QEYDİYYATDA OLDUĞU ÜNVANI TƏRK ETMƏMƏK ŞƏRTİ İLƏ AZADLIĞA BURAXILIB

Next Post

HUMAN RIGHTS WATCH AZƏRİLƏRİN AZAD OLMADIĞINI BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.