ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

oktyabr 8th, 2009
Dünən  (7 oktyabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

“Sentyabrın 25-də 33 yaşı tamam olan Eynullaya dünyanın müxtəlif  yerlərindən çoxlu təbrik məktubları gəlib. O, təbrik məktubu göndərən hər kəsə, o cümlədən RATİ-nin kollektivinə təşəkkürlərini bildirdi” – deyə Emin Fətullayev bildirdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.