ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏ BİLMƏYİB

Bakı İstintaq Təcridxanasında saxlanan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşü texniki səbəblərdən bu gün (16 mart) baş tutmayıb.

Emin Fətullayev reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, bu gün Qaradağ Rayon Polis İdarəsində müstəntiq Arif Zahidovun yanında olub. “Müstəntiq mənə bildirdi ki, Eynulla ilə görüşə icazə sənədi şöbə rəisi, istintaq qrupunun rəhbəri Yaşar Rzayevdədir. Daha sonra məlum oldu ki, sənədi daha yuxarı vəzifəli şəxs imzalamalıdır. Sənəd hazır olmadığına görə görüş baş tutmadı” deyən Emin Fətullayev əlavə etdi ki, müstəntiq ona sənəd hazır olan kimi əlaqə saxlayacağını bildirib.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

İCTİMAİ BİRLİYİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.