HƏBSDƏ OLAN BAŞ REDAKTORUN AİLƏSİ HƏDƏLƏNİB

mart 17th, 2010
Bu gün (17 mart) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsi naməlum şəxslər tərəfindən hədələnib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən jurnalistin atası Emin Fətullayev bildirib ki, bu gün saat 12.30 radələrində ev telefonuna zəng gəlib. “Özünü təqdim etməyən şəxs hədə-qorxu gələrək bildirdi ki, oğlun da, sən də çox danışmayın, yoxsa pis olar. Həmin şəxs əlavə etdi ki, oğlunu da, ailənizi də təhlükə gözləyir, sizi məhv edəcəyik” – deyə Emin Fətullayev bildirdi. O, əlavə etdi ki, telefon zəngi barədə dərhal 102 telefon nömrəsi vasitəsilə polisə məlumat verib: “10 dəqiqə sonra Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsindən gələrək hadisə ilə bağlı ərizə yazmağımı istədilər və məsələni araşdıracaqlarını bildirdilər.”
Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinin növbətçi hissəsindən “Azadlıq” radiosuna bildiriblər ki, ərazi sakini Emin Fətullayev mənzilinə hədələyici zəng olması ilə bağlı bölməyə ərizəylə müraciət edib və hazırda onun ərizəsi araşdırılır.
Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ötən həftə mərhum jurnalist Elmar Hüseynovun qətlinin MTN-in yüksək rütbəli zabiti Akif Çovdarov tərəfindən təşkil olunduğunu və bu faktı ona şəxsən Çovdarovun özünün etiraf etdiyini təsdiqləyən açıqlamalarla çıxış edib.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.