Ailəsi Pərviz Həşimliyə təzyiqlərin davam etdiyini bildirir

 398327_525389854153700_112437647_n

“Bizim Yol” qəzetinin əməkdaşı,  moderator.az saytının rəhbəri  Pərviz Həşimlinin istintaqı gecikdirilir, ona qarşı fiziki  və mənəvi təzyiqlər davam etdirilir, MTN-nin istintaq təcridxanasından Ədliyyə Nazirliyinin təcridxanasına köçürülmür. Ona qarşı irəli sürülən ittihamlar sifarişdir.

   Bu gün RATİ-nin Mətbuat Mərkəzində jurnalist Pərviz Həşimlinin ailə üzvləri və AXCP sədri Əli Kərimlinin mətbuat konfransında səslənən başlıca fikirlər bunlardır.

   Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.   Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

     Jurnalistin atası Kamran Həşimli bildirib ki, MTN-də oğluna qarşı təzyiqlər davam etdirilir. İşgəncələrlə bağlı ölkə rəhbərlərinə, ombudsmana, Qafqaz Müsəlmanları İdarəsinin sədrinə müraciət edib. Amma işgəncələr davam etdirilir. “Necə olur ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri erməni katolikosunun xahişi ilə erməni əsirlərinin saxlanma vəziyyəti ilə maraqlanır, onlara baş çəkir, hətta əsirlərə kabab verildiyini deyir. Amma, Azərbaycan vətəndaşının xahişi ilə ölkənin tanınmış jurnalistinin işgəncəyə məruz qalması barədə müraciətə cavab vermir, gedib onun saxlanma vəziyyəti ilə maraqlanmır?”-deyə o bildirib.

      “Pərviz Həşimli hakimiyyətdaxili qruplaşmalar arasında mübarizənin qurbanına çevrilib. Onu məcbur edirlər ki, yüksək vəzifəli şəxslərdən AXCP sədri Əli Kərimliyə pul çatdırdığını yazsın.  Pərviz belə bir iş görməyib, qurana da and içib”, – deyə Kamran Həşimov qeyd edib.

    AXCP sədri Əli Kərimli  bildirib ki, MTN insanları şərlədib həbs etməklə məşğuldur.  Onun fikrincə, MTN-nin istintaq təcridxanası  ləğv edilməlidir. Əli Kərimli Azərbaycan hakimiyyətini cinayətlərdən əl çəkməyə çağırıb. “Siz onsuz da etdiyiniz cinayətlərə görə cavab verəcəksiniz. Heç olmasa yarı yoldan çəkilin. Dəyişikliklər başlayıb, siz də özünüzü xilas edə bilməyəcəksiniz”, deyə o hakimiyyətə müraciət edib. “Bunların mənə qarşı nifrəti o qədər böyükdür ki, hətta nazirlərini də mənə görə cəzalandırırlar. İlham Əliyev  nazirlərinin ona deyil, mənə işlədiyini güman edir. Bu narahatçılığın yüksək həddidir ”, deyə Əli Kərimli qeyd edib.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

Sən demə seçkiləri Anar Məmmədli saxtalaşdırıb

Next Post

Pərviz Həşimlinin şikayəti təmin edilməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.