Pərviz Həşimlinin şikayəti təmin edilməyib

398327_525389854153700_112437647_n

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin 13 dekabr 2013 – cü il Səbail Rayon Məhkəməsinin Pərviz Həşimlinin MTN-nin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatətinin təmin olunmaması ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb. Və şikayət təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinə verilən şikayət əsasən Pərviz Həşimlinin MTN-nin təcridxanasında qeyri – insani rəftara, işgəncələrə məruz qalması, buna görə də MTN-nin istintaq təcridxanasından Bakı İnstintaq təcridxanasına köçürülməsi ilə bağlı idi.  Vəkil Elçin Sadıqov  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, Bakı Apellyasiya Məhkəməsində P.Həşimli karserə salınması ilə bağlı məlumatlar verib.

“Karserə salınmasına əsas səbəb dekabrın 13-də Səbail Rayon Məhkəməsinə gətirilən zaman P. Həşimlinin MTN-də qanun zorlanır ifadəsini işlətməsi olub. O bildirib ki, soyundurularaq karserə salınıb, bir neçə saat paltarsız orda qaldıqdan sonra hay-küy saldıqdan sonra onun paltarlarını qaytarıblar. O karserdə olduğu müddətdə qidadan da imtina edib. 1 sutka qaldıqdan sonra Pərviz Həşimli huşunu itirdiyi üçün həkim çağırılıb və o karserdən çıxarılıb. Karserə salmadan öncə P.Həşimliyə bildiriblər ki, çox işgəncədən danışıbsan və sənə əsl işgəncənin nə olduğunu burda göstərəcəyik. Bundan başqa məhkəmə prosesində o ailəsi ilə görüşə və telefonla əlaqə yarada bilməməsi ilə bağlı məlumat verib “, -deyə vəkil qeyd edib.

E. Sadıqov onu da qeyd edib ki, Pərviz Həşimli ilə görüşə getdiyi zaman onun işgəncələri ilə bağlı apardığı bir sıra qeydlər  əlindən alınıb və geri qaytarılmayıb.

 Vəkil əlavə edib ki, bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə sorğu göndərərək sənədləri tələb etmişik və sənədlər alınandan sonra məhkəməyə müraciət olunacaq.

Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

Previous Post

Ailəsi Pərviz Həşimliyə təzyiqlərin davam etdiyini bildirir

Next Post

Apellyasiya Məhkəməsi də Anar Məmmədlini həbsdə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.