FƏRƏMƏZ ALLAHVERDİYEV NAZİM İBRAHİMOV TƏRƏFİNDƏN HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

may 5th, 2008
“Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevə edilən hədələyici zənglərin hansı telefon nömrəsindən daxil olması bəlli olub.

Bu barədə RATİ-yə jurnalistin özü məlumat verib. Allahverdiyevin sözlərinə görə, telefon nömrəsini ona məsələ ilə bağlı araşdırma aparan Milli Təhlükəsizlik Nazirliyi bu gün (05 may) təqdim edib.

Həmin nömrənin sahibi Allahverdiyevin hədələnməsindən xəbərsiz olduğunu  bildirsə də jurnalist iddia edir ki, həmi nömrədən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komissiyasının sədri Nazim İbrahimov birbaşa ona  zəng edib:
 “Həbsdən çıxdıqdan sonra  "Nota bene" qəzetində müəllifi olduğum "Qızlar bulağı faciəsi" romanımı hissə-hissə çap etdirməyə başladım. Roman  son 20-30 il ərzində Azərbaycanda baş verən hadisələr və bu hadisələrin iştirakçıları olan şəxslərdən bəhs edir. Əsərin qəhrəmanlarının adı şərtidir və onların hamısı indiki hakimiyyətdə yüksək vəzifə tutan şəxslərdir. Nazim İbrahimov həmin romanın mənfi qəhrəmanı obrazında özünü görür və buna görə də mənə hədələyici zənglər edir”, – deyə  Allahverdiyev qeyd etdi.
Hədələrdən çəkinərək müvəqqəti romanının nəşrini dayandırdığını deyən Allahverdiyev bu addımı ailəsinin təhlükəsizliyi üçün atdığını bildirir.
RATİ-nın əməkdaşı da Allahverdiyevə zəng edilən nömrəyə telefon açdı. Dəstəyi qaldıran şəxs isə Allahverdiyev adlı bir şəxs tanımadığını və ona zəng etmədiyini bildirdi: “Nömrə mənimdir. Ola bilər ki, kimsə mənim telefonumdan zəng edib”, – deyə adını açıqlamayan həmin şəxs qeyd etdi.
Xatırladaq ki, Fərəməz Allahverdiyev fevralın 17-dən başlayaraq, gizli nömrələrdən gələn zənglərlə ölümlə hədələnir. Sonuncu belə zəng fevralın 27-də olub.  
Allahverdiyev 2007-ci ilin dekabrında prezidentin imzaladığı əfv fərmanı ilə həbsdən azad edilib. O 30 yanvar 2007-ci ildə daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitənin sədri Nazim İbrahimovun iddiası əsasında  2 il 6 ay müddətinə  azadlıqdan məhrum edilmişdi.