Ailə üzvləri Muxtar Respublika daxili işlər naziri Əhməd Əhmədovun xüsusi ittihamı əsasında (http://www.nakhchivan.org.az/content/view/759/28/lang,az/) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Novruz Əliyevlə görüşə bilmirlər.
Həbsindən bir aydan artıq vaxtın keçməsinə baxmayaraq qohumları onun vəziyyəti barədə heç bir məlumat əldə edə bilməyiblər. Bunu RATİ-nin Naxçıvan bölgə müxbirinə N. Əliyevin həyat yoldaşı Əliyeva Yasəmən Əsgər qızı bildirib.
“Ədliyyə Nazirliyindən mənə bildirdilər ki, həbsindən 20 gün keçdikdən sonra həyat yoldaşımla görüşə biləcəyəm. Dünən (5 yanvar) yenidən Ədliyyə Nazirliyinə müraciət etdim. Mənə dedilər ki, məhkəmədən hələ sənəd gəlməyib. Nə zaman sənəd göndərsələr onda sizə görüş veriləcək. Sonra Naxçıvan şəhər Məhkəməsinin hakimi Hicran Muradova da müraciət etdim. Muradov sənədləri çoxdan Ədliyyə Nazirliyinə göndərdiyini bildirdi. Bizi get-gələ salırlar. Bayramdan əvvəl paltarlarını və dərmanlarını qəbul ediblər. Həyat yoldaşım şəkər xəstəsidir. O pəhriz yeməklər qəbul etməlidir. Amma biz heç onun səhhəti haqqında məlumat ala bilmirik. İndi də yanvarın 7-dən sonra həyat yoldaşımla görüşə biləcəyimizi bildirirlər. Məhkəmədən bir aydan artıq vaxt keçməsinə baxmayaraq məhkəmənin qərarını da bizə təqdim etməyiblər”, – deyə Y. Əliyeva bildirib.
Xatırladaq ki, Babək rayon Qahab kənd sakini 58 yaşlı Novruz Əliyev 2008-ci il dekabr ayının 3-də Naxçıvan şəhər Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.