Həbsdəki jurnalistin səhhətində problem yaranıb

noyabr 7th, 2013

398327_525389854153700_112437647_n

Dünən Milli Təhlükəsizlik Nazirliyinin  təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı vəmoderator.az saytının  rəhbəri Pərviz Həşimli   huşunu itirib.  Bu barədə bu gün (06 noyabr ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, jurnalistin huşunu itirməsinə səbəb təzyiqinin aşağı düşməsi olub və həkim müdaxiləsindən sonra jurnalist özünə gəlib.

“Bütün bu olanlara səbəb onun ağır şəraitdə saxlanılması, stress halına düşməsidir. Onun ailəsi ilə görüşməməsi, tək qalması şəraiti hələ də qalmaqdadır. Ona yalnız Azərbaycan və Xalq qəzetləri verilir”,-deyə vəkil qeyd edib.

 Onu da qeyd edək ki,  jurnalistin ailə üzvləri Ombudsman Elmira Süleymanova ilə görüşüblər. RATİ-yə məlumat verən jurnalistin atası Kamran Həşimov bildirib ki,  jurnalistin  saxlanılması şəraiti ilə bağlı məlumatlar veriblər, lakin Ombudsman bildirib ki, onun saxlanılma yerinin dəyişdirilməsi ilə bağlı məsələlərə qarışmaq onun səlahiyyətlərində deyil, çünki istintaq hələ də davam edir.

 “MTN  özləri otaqda havasızlıq yaradırlar, qidasına bəlkə də hər  hansı bir dərmanlar atırlar. MTN-nin işçiləri onu orda saxlamaqla hər bir işə əl ata bilərlər. Oğlumun başına hər hansı iş gələrsə bütün məsuliyyət MTN və Prokurorluğundur”, -deyə  jurnalistin atası qeyd edib.

K. Həşimov bildirib ki, İran İslam Respublikasının prezidentinə sərhədin pozulmasının araşdırılması ilə bağlı məktub göndərib.

 Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi    Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib.