XARİCİ İŞLƏR NAZİRLİYİ NORVEÇ VƏ ALMANİYA SƏFİRLİKLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

Dünən (16 noyabr) Norveçin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri Lars Hansen və Peter Zigler Xarici İşlər Nazirliyinə dəvət olunublar.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun “Mediaforum” saytına verdiyi məlumata görə, səfirlik əməkdaşları nazir müavini Vaqif Sadıqovla görüşüblər. V.Sadıqov diplomatlara gənc bloqçularla bağlı Səbail rayon məhkəməsinin qərarı ilə əlaqədar Norveçin Azərbaycandakı səfirliyinin 11 noyabr, Almaniyanın Azərbaycandakı səfirliyinin isə 12 noyabr tarixli mətbuat üçün məlumatları Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirib və bunun qəbulolunmaz olduğunu bildirib. Hər iki diplomat bu məsələyə dair Azərbaycanın mövqeyini öz rəsmi qurumlarına çatdıracaqlarını bildiriblər.

Qeyd edək ki, hər iki səfirlik gənc bloqçularla bağlı Səbail rayon məhkəməsinin qərarını pisləyən məlumat yaymışdı.

 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

“AMNESTY İNTERNATİONAL” BLOQÇULARA DƏSTƏK AKSİYASINA BAŞLAYIB

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR BLOQÇULARIN HƏBSİNİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.